“Qarabağın Tutusu”na həsr olunmuş xeyriyyə konserti
Qarabağ qazisi Rüxsarə Cumayevanın (Tutu) əməliyyatı üçün xeyriyyə konserti keçiriləcək. Tanınmış müğənnilərin iştirak edəcəyi konsert noyabrın 24-də saat 19:00-da Rəşid Behbudov adına Mahnı teatrında baş tutacaq. Biletlərin satış qiyməti 10 AZN-dir.
Qeyd edək ki, 1968- ci ildə Zaqatala rayonun Bəhmədli kəndində dünyaya göz açmış Cumayeva Rüxsarə 1988- ci il Meydan hərəkatının fəallarından olub. 1991- ci ildə Qarabağ uğrunda gedən döyüşlərə qoşulub. İlk döyüş yolu Daşaltı əməliyyatından başlayan bu igid qız, 1992- ci ildə Ağdam, 1994- cü ildə Murov cəbhələrində ermənilərə mərdliklə müqavimət göstərib və neçə- neçə yaralı döyüşçünü döyüş meydanından çıxararaq ilk tibbi yardım göstərib. Rüxsarə xanım atəşkəsdən sonra ailə qurub, bir qız övladı var. Amma müharibənin sağlamlığına vurduğu zərbələr hələ arxada qalmayıb. Artıq iki ildir amansız xəstəliklərlə mübarizə aparan qəhrəmanımızın dayaq nöqtələri və aşağı ətraflarında ciddi problemlər yaşanır. Səhhətindəki problemləri aradan qaldırmaq üçün Türkiyə respublikasına üz tutan döyüşçümüz, Ankara Nümunə xəstəxanasında bir-birinin ardınca bir neçə əməliyyat keçirsə də problemləri aradan qalxmayıb. Əməliyyatların birində 45 dəqiqəlik klinik ölüm keçirən qazini İstanbul Maltəpə Tibb Universitetinin araşdırma xəstəxanasına köçürüblər. Burda da daha 2 əməliyyat keçirən Qarabağ döyüşçüsünün növbəti əməliyyatı üçün 14 min yevro pul tələb olunur. Rüxsarənin on üç yaşlı qızı Rəqsanə isə göz yaşları axıda-axıda əllərini Allaha açıb ondan və xeyirxah insanlardan mərhəmət gözləyir. Hər bir azərbaycanlının bu məsləyə biganə qalmayacağını düşünərək, sizlərə üz tuturuq. Sağlamlığını, gəncliyini Vətən yolunda əsirgəməyən bu qızımızın acılarına duyarsız qalmayın.

Xəbər 206 dəfə oxundu.