Azərbaycan, Pakistan və Türkiyə parlamentariləri Ermənistana təzyiqi artırmağa çağırıblar
Millət vəkili Qənirə Paşayeva Asiya Parlament Assambleyasının (APA) toplantısında Ermənistanın işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün düşmüş 1 milyon insanımızla ilə bağlı geniş məruzə ilə çıxış edib.
20 ildən artıqdır öz doğma evlərinə qayıda bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlər adından assambleyaya və bütün üzv ölkələrə səslənən Q.Paşayeva bildirib ki, Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal edib və 20 ildən artıqdır hərbi qüvvələrini işğal etdiyi Azərbaycan torpaqlarından çəkmir: “Artıq 22 ildir azərbaycanlı qaçqınlar və məcburi köçkünlər öz doğma evlərinə qayıda bilmirlər. Hər il yüzlərlə insan öz evlərinə qayıda bilməmək həsrətindən dünyasını dəyişir. Bundan böyük insan haqları pozuntusu ola bilərmi? Bundan böyük faciə ola bilərmi? Ermənistan silahlı qüvvələri Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü pozub və 20 ildən artıqdır ki, onlar Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamaqda davam edir. BMT Təhlükəsizlik Şurası, Avropa Şurası Parlament Assambleyası, İslam Konfransı Təşkilatı və başqa təşkilatlar tərəfindən qəbul edilən qətnamələrə məhəl qoymur və bu gün də işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmir, 100 minlərlə məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasına imkan vermir. Azərbaycan qaçqın və məcburi köçkünlər Asiya Parlament Assambleyasını bu məsələni də ciddi şəkildə müzakirə etməyə və bu istiqamətdə səylərini gücləndirməyə çağırır. Onlar Asiya Parlament Assambleyasından öz qoşunlarını işğal etdiyi Azərbaycan torpaqlarından çəkməsi üçün Ermənistana təzyiqlər göstərməyi və bu məsələlərin qəbul ediləcək qətnamələrdə öz əksini tapmasını istəyirlər. Biz Pakistan və Türkiyə başda olmaqla buradakı bir çox dost ölkələrə hər zaman beynəlxalq təşkilatda Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərinə görə minnətdarlığımızı bildirir, inanırıq ki, siz hər zaman öz evlərinə qayıda bilməyən və böyük iztirablarla üzləşən insanların, ədalətin yanında olacaq və bu sessiyada da bu məsələyə diqqət göstərəcəksiniz. Azərbaycanlı qaçqınlar və məcburi köçkünlər sizdən bunu gözləyirlər. Mən nüfuzlu assambleyanı bu məsələyə çox ciddi yanaşmağa çağırıram. Mən assambleyamızın sessiyası çərçivəsində bu məsələni müzakirə etməyə çağırıram. Onların harada yaşamasından asılı olmayaraq, biz qaçqın və məcburi köçkünlər məsələsinə xüsusi diqqət göstərməli və onlara yardım etməliyik. Biz Asiya Parlament Assambleyasından və üzv ölkələrdən işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsi üçün Ermənistana təzyiqlər göstərməyi və təzyiqləri artırmalarını gözləyir və buna çağırırıq”.
Millət vəkili Qənirə Paşayevanın çıxışından sonra Pakistan və Türkiyə parlamentinin nümayəndə heyətlərinin üzvləri çıxışlarında Azərbaycanın və azərbaycanlı qaçqın və məcburi köçkünlərin səsinə səs verməyə, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad olunması və köçkünlərin öz evlərinə dönə bilməsi istiqamətində Azərbaycanı dəstəkləməyə, Ermənistana təzyiqi artırmağa çağırıblar.
Tural

Xəbər 202 dəfə oxundu.