“Türkiyənin “Sabah” qəzeti təxribatla məşğuldur“
“Sabah” qəzetinin mövqeyi Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna ziddir və erməni dəyirmanına su tökmək məqsədi daşıyır”.
Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Türkiyənin “Sabah” qəzetində Dağlıq Qarabağın müstəqil dövlət kimi göstərilməsinə münasibət bildirərkən deyib. Politoloqun sözlərinə görə, artıq bir neçə aydır ki, Türkiyədə ermənilərin və erməni təəssübkeşlərinin ciddi fəallığı müşahidə olunur: “Türkiyə ictimai rəyini Ermənistanla təslimçi barışığa hazırlamaq üçün Qərb dairələri tərəfindən maliyyələşdirilən müxtəlif proqramlar və layihələr həyata keçirilir. Türkiyə və Ermənistan jurnalistlərinin, incəsənət nümayəndələrinin qarşılıqlı səfərləri təşkil olunur, müxtəlif konfranslar, dəyirmi masalar və digər tədbirlərin sayı artır. Əsas məqsəd də bir tərəfdən Türkiyə hakimiyyətini qondarma “erməni soyqırımını” tanımağa məcbur etmək, digər tərəfdən də Azərbaycanın maraqları nəzərə alınmadan iki ölkə arasında sərhədlərin açılmasına nail olmaqdır. “Sabah” kimi KİV-lər də obyektiv reallığı təhrif edən, qərəzli materiallar dərc etməklə Qərb dairələrinin təsiri altında olan bəzi daxili qrupların və ermənilərin sifarişlərini yerinə yetirirlər. Görünür, ermənilər bu cür təxribatlarla Türkiyə ilə Azərbaycan xalqlarının birliyini zəiflətmək və dövlətlərarası münasibətlərə zərbə vurmaq istəyirlər. Hesab edirəm ki, biz belə təxribatlara qarşı sərt olmalıyıq, öz sözümüzü deməliyik”. M.Əhmədoğlu bildirib ki, Türkiyə qəzetinə ayıb olsun ki, Azərbaycana qarşı bu cür təxribatlara yol açır: “Düşünürəm ki, Türkiyənin rəsmi dairələri, rəhbərliyi bu məsələlərə ciddi yanaşacaq. Əgər həmin qəzet dünya dövlətlərinin siyahısında “Dağlıq Qarabağ Cümhuriyyəti” sözünü işlədirsə, bu, naşılıq, savadsızlıq deyil, sadəcə erməni dəyirmanına su tökməkdir. Əgər, “Sabah” qəzeti təkzib verməsə, üzr istəməsə, həmin mətbuat orqana qarşı məhkəmə prosesində sonadək varıq. "Sabah" qəzeti BMT-nin, ATƏT-in bir dənə sənədini göstərsin ki, “Dağlıq Qarabağ Cümhuriyyəti” adlı dövlət var?”.

Xəbər 336 dəfə oxundu.