Səfirimizdən Argentinanın ermənipərəst jurnalistinə tutarlı cavab
Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin bu ölkənin nüfuzlu “Clarin” qəzetində məktubu dərc olunub. Azərbaycan XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, səfir ənənəvi ermənipərəst mövqeyi ilə tanınan və Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərinə görə Azərbaycan hökuməti tərəfindən “arzuolunmaz şəxs” elan olunmuş “Clarin” qəzetinin beynəlxalq siyasət bölümünün redaktoru Marselo Kantelminin növbəti qərəzli məqaləsinə cavab verib.
Səfir yazısında bildirib ki, 23 noyabr tarixində “Clarin” qəzetində dərc olunmuş məqalə qeyri-obyektivdir və Ermənistanın mövqeyini əks etdirir: “Dağlıq Qarabağ beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisidir və yeddi ətraf rayonla birlikdə Ermənistan tərəfindən işğal olunub ki, bu da ümumilikdə ölkəmin ərazisinin 20%-ni təşkil edir. 20 ildən çoxdur ki, Ermənistan Azərbaycana qarşı hərbi təcavüzünü davam etdirir və beynəlxalq hüquqa və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərə məhəl qoymur”.
Ə. Əhmədzadə qeyd edib ki, Ermənistan işğal olunmuş ərazilərdə genişmiqyaslı hərbi əməliyyatlara başlayıb, 12 noyabr tarixində isə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında Ermənistanın “Mi-24” tipli iki helikopteri Azərbaycan qoşunlarının mövqelərini atəşə tutub və cavab atəşi ilə helikopterlərdən biri vurulub: “Ermənistana məxsus hərbi helikopterlərin Azərbaycanın hava məkanına qeyri-qanuni soxulması Ermənistanın Azərbaycana təcavüzünün və Azərbaycanın suverenliyinə qarşı zordan istifadə siyasətinin davamıdır. Azərbaycan işğal olunmuş əraziləri üzərindəki hava məkanını uçuşlar üçün bağlı elan edib və müvafiq qaydada Beynəlxalq Mülki Aviasiya Təşkilatının bütün üzvlərini bu barədə məlumatlandırıb”.
Yazıda qeyd olunur ki, çoxsaylı mülki vətəndaşların və siyasətçilərin qətli ilə uzun illərdi ki, hakimiyyəti qəsb etmiş və ölkəsini müflislik səviyyəsinə çatdırmış Ermənistanın hərbi-oliqarxik repressiv diktatura rejimi hazırda müxalifətin geniş etirazlarını yatırmaq üçün diqqəti münaqişə zonasına yönəltməyə çalışır: “Ermənistanın Azərbaycana qarşı təcavüzü regionda sülh və təhlükəsizliyə başlıca təhdiddir. Ermənistan Azərbaycanla sülhə tələsməli və ilk addım kimi öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalıdır”.

Tural

Xəbər 330 dəfə oxundu.