“Qarabağ” Avropa Liqasında altıncıdı!
Avropa Liqasının qrup mərhələsinin yekunlarına əsasən, klubların ev oyunlarında topladığı tamaşaçı sayı açıqlanıb. Bakıda keçirdiyi 3 qarşılaşmada 93600 azarkeşi stadiona toplayan Azərbaycan çempionu “Qarabağ” yarışın liderləri arasında yer alıb.
Belə ki, 3 oyunda orta tamaşaçı sayı 31200-ə bərabər olan Ağdam klubu Avropa Liqasında 6-cı olub. Təmsilçimiz yalnız 5 adlı-sanlı klubdan geri qalıb. “Borussiya” (Mönhenqladbax, Almaniya) 40544, “Feyenoord” (Hollandiya) 34600, “Lill” (Fransa) 33841, “Seltik” (Şotlandiya) 31898, “Sent-Etyen” (Fransa) 31462 tamaşaçı ilə ilk “beşlik”də yer alıb. Turnirin digər iştirakçıları isə “Qarabağ”dan geri qalıb. Qrup mərhələsində 48 klubun çıxış etdiyini nəzərə alsaq, Ağdam təmsilçisi 42 komandanı qabaqlayıb. Onlar arasında “İnter” (İtaliya), “Sevilya” (İspaniya), “Tottenhem”, “Everton” (hər ikisi İngiltərə) kimi klublar da var.
Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin 32 iştirakçısından 20-si orta tamaşaçı sayında “Qarabağ”ı üstələyir. Bu isə o deməkdir ki, Azərbaycan təmsilçisi iki yarışın qrupunda oynamış 80 klub arasında 26-cıdır. Mərhələnin mütləq rekordu isə “Barselona”ya məxsusdu - 74920.

Xəbər 385 dəfə oxundu.