“Normand dördlüyü”nün liderləri Ukraynanın şərqində yaranmış vəziyyəti müzakirə ediblər
“Normand dördlüyü” ölkələrinin rəhbərləri – Angela Merkel, Petr Poroşenko, Fransua Olland və Vladimir Putin arasında telefon danışığı olub. Liderlər Debaltseva şəhərində baş verən hadisələrə baxmayaraq, fevralın 12-də Belarusun paytaxtında əldə edilən razılaşmalara əməl olunmasının vacibliyini bildiriblər. Bu barədə Almaniya Federativ Respublikasının hökumətinin məlumatında deyilir.
Telefon danışıqları zamanı tərəflərin hərtərəfli atəşkəsə nail olmaq və ATƏT-in nəzarəti altında ağır texnikanın geriyə çəkilməsi üçün yekdil razılıq ifadə etdiklərini bildirən Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert eyni zamanda əsirlərin dəyişdirilməsinə başlamağın da vacib olduğunu qeyd edib.
Zaybert bundan başqa dörd ölkənin (Almaniya, Ukrayna, Fransa və Rusiya) xarici işlər nazirlərinin yaxın günlərdə Minskdə əldə olunmuş razılaşmanın yerinə yetirilməsini yenidən müzakirə edəcəklərini vurğulayıb.

Təhminə

Xəbər 241 dəfə oxundu.