“Vesti”: “Ukraynada pensiya yaşı 5 il artırılır”
Ukrayna hökuməti Beynəlxalq Valyuta Fondundan növbəti krediti almaq üçün pensiyaları azaltmaq məcburiyyətindədir

Beynəlxalq Valyuta Fondu Ukrayna dövlətindən büdcə xərclərini azaltmaq üçün islahatlar keçirməsini tələb edir. Ukraynanın “Vesti” qəzetinin məlumatından belə məlum olur ki, ölkəyə veriləcək kreditlərin yükü əsasən təqaüdçülərin çiyinlərinə düşəcək.
Ukrayna hökuməti Beynəlxalq Valyuta Fondundan növbəti krediti almaq üçün pensiyaları azaltmaq məcburiyyətindədir. Rəsmi Kiyev belə hesab edir ki, Beynəlxalq Valyuta Fondundan yaxın günlər ərzində alacaqları növbəti kredit hesabına bütün problemlərdən xilas olacaq. Qəzet yazır ki, nəzəri cəhətdən Ukrayna iqtisadiyyatını, milli valyutanı az da olsa möhkəmləndirmək üçün dəstək lazımdır. Məsələ bundadır ki, Nazirlər Kabineti Beynəlxalq Valyuta Fondundan alınacaq yeni maliyyə yardımının ukraynalılara hansı məhrumiyyətlər hesabına başa gələcəyi barədə heç bir məlumat vermir. Lakin “Vesti” “Prove Group” hüquq firması tərəfindən təhlil edilərək ölkə Ali Radasına təqdim edilmiş qanun layihələrinə istinad edərək yazır ki, maliyyə yardımının ayrılması üçün əsas şərt büdcə xərclərinin azaldılmasıdır. Xərclərin azaldılmasının ilk zərbəsi təqaüdçülərə dəyəcək: “Təəssüf ki, Beynəlxalq Valyuta Fondunun Ukrayna qarşısında hansı tələblər qoyduğu barədə hələ ki, rəsmi məlumat yoxdur. Belə ki, təqdim edilən sənədlər nəşr üçün nəzərdə tutulmayıb. Amma özəl mənbələrdən əldə edilən informasiyalar təsdiqləyir ki, ukraynalı təqaüdçüləri ağır günlər gözləyir”.
Qeyd edilməlidir ki, Kiyev köküməti Beynəlxalq Valyuta Fondunun tələbinə əsasən, güzəştli şərtlərlə təqaüdə çıxan qadınlar üçün yaş həddini tədricən daha 5 il artırmağı nəzərdə tutur. Bu islahat ilk növbədə müəllim və tibb işçilərinə zərbə vuracaq. Bundan əlavə, işləyən təqaüdçülərin təqaüdlərinin azaldılması, bəzilərinin isə tamamilə ləğv edilməsi nəzərdə tutulur. Sonuncu kateqoriya əsasən dövlət qulluqçularına şamil ediləcək. Bütün bunlara münasibət bildirən “Prove Group” hüquq firmasının əməkdaşı Vladislav Koçkarov idda edir ki, dövlət iqtisadi problemləri qısa müddətdə həll etmək üçün “birini müalicə, digərini şikəst etmə” yolunu tutub.
Ağasəf Babayev

Xəbər 336 dəfə oxundu.