İsmail Safi: “Qarabağ məsələsinin həlli dünya üçün lazımdır”
"Türkiyə və Azərbaycan öz maraqlarının qorunması istiqamətində önəmli siyasi mövqe sərgiləyir və ciddi addımlar atırlar. Qısa olaraq desək, iki dövlət öz milli təhlükəsizliklərini gücləndirirlər”. Bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) İstanbul millət vəkili olan İsmail Safi mediaya müsahibəsində bildirib. O, Türkiyə ilə Azərbaycanın eyni soy və mədəniyyətin iki güclü damarı olduğunu deyib: “Sevincimiz, kədərimiz və ortaq taleyimiz bizi qopması mümkün olmayan bağlarla bağlayır. Bu gün Azərbaycan ilə Türkiyə arasında olan bağlar elə güclü təməllər üzərində qurulub ki, bunu zəiflətmək mümkünsüzdür. Bunu yalnız inkişaf etdirmək lazımdır”.
Millət vəkili Ermənistanın bölgədə vəziyyəti gərginləşdirməsindən də danışıb: “Ermənistan bu günə qədər bu hüquqdan kənar işğalını yürütməklə bərabər, hücumlarını haqlı göstərmək üçün əlindən gələni edir. Təəssüf ki, dünya birliyi bunu görmək istəmir. Amma, göz görə-görə insan hüquqları ayaqlar altına düşür. Azərbaycan bu məsələdə birmənalı olaraq haqlıdır. Onun tarixi əraziləri işğal olunub. Qarabağ məsələsinin həlli dünya üçün lazımdır. Bu istiqamətdə fəaliyyətlər güclənməlidir. Hamımız var gücümüzlə, Azərbaycanı müdafiə etməliyik. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Gec-tez ədalət öz yerini tutacaq”.
İsmail Safi Xocalı soyqırımını həyata keçirənlərin hələ də azadlıqda gəzmələrindən təəssüf etdiyini deyib: “Onlar beynəlxalq hüquq qarşısında cavab verməlidirlər. Bu, utancverici bir hadisədir. Xocalıda elə bir vəhşət yaşanıb ki, bunun üstündən yüz illər keçsə belə, bu hadisə unudulan deyil. Türk millətinin yaddaşına həkk olunub. Xocalı bir qətliam, soyqırımıdır. Bu, Kiprdə, Muratağada, Bosniyada, Serbiyada olduğu kimi, etnik təmizlənmə hərəkatı idi. Yüzlərlə insanımız Xocalıda qətlə yetirildi və hələ də bir çox insanın taleyindən xəbər yoxdur. Ermənistanın hücumları nəticəsində bir milyon Azərbaycan türkü yurdunu tərk edib, öz vətənlərində qaçqın həyata yaşayır. Ermənistanın işğalçılıq siyasəti nəticəsində 20 mindən çox insan həlak olub. Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyası bəyanat yayaraq Ermənistanın işğal etdiyi torpaqlardan çıxmasını tələb edib. Bu, beynəlxalq hüququn tərkib hissəsidir”.

Fuad

Xəbər 321 dəfə oxundu.