Milix Yevdayev “Jewish Journal”da Azərbaycandakı tolerantlıqdan yazdı
“Azərbaycanda yəhudilərin dinc şəraitdə, daim hörmət görərək yaşamalarının və dini etiqadlarına azad şəkildə əməl etmələrinin qarantı Azərbaycan hökuməti və xalqıdır”
ABŞ-ın böyük yəhudi qəzetlərindən olan, Los Ancelesdə buraxılan “Jewish Journal”ın 6 aprel, 2015-ci il tarixli sayında Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayevin geniş məqaləsi dərc olunub.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun yaydığı məlumata görə, “Azərbaycan və ABŞ yəhudiləri: müstəsna əlaqələri qeyd edərkən” başlıqlı məqalədə müəllif Azərbaycanda və Los Ancelesdə yaşayan yəhudilər arasında qurulmuş münasibətlərdən, Azərbaycanın tarixi tolerantlıq ənənələrindən bəhs edir və ölkəmizdə yaşayan dini icmalara, o cümlədən yəhudi icmasına göstərilən diqqətdən söz açır.
M.Yevdayev 2015-ci ilin fevral ayında Los Ancelesin yəhudi icması tərəfindən Azərbaycan Dağ Yəhudiləri İcmasına Tövratın (Sefer Torah) hədiyyə edilməsini tarixi hadisə hesab edərək, bu hadisə nəticəsində ABŞ ictimaiyyətinin Azərbaycanda dini etiqadlara göstərilən ehtiram barədə bir daha məlumatlandığını qeyd edir. O bildirir ki, dağ yəhudiləri 2000 ildən çoxdur, Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayır. Yəhudi icmasına göstərilən qayğıdan bəhs edən müəllif qeyd edir ki, dünyəvi müsəlman ölkəsi olan Azərbaycanda yəhudilərin dinc şəraitdə, daim hörmət görərək yaşamalarının və dini etiqadlarına azad şəkildə əməl etmələrinin qarantı Azərbaycan hökuməti və xalqıdır.
Eyni zamanda, M.Yevdayev bildirir ki, Azərbaycan tolerantlığı ilə bütün dünya üçün gözəl nümunədir. “Azərbaycan, öz müsbət nümunəsilə müsəlman, yəhudi və xristianların sülh, qarşılıqlı hörmət və ehtiram şəraitində birgə yaşamasının mümkünlüyünü sübut edir”, - deyə müəllif qeyd edir.
Tural

Xəbər 453 dəfə oxundu.