Mingəçevirdə “Məktəbli kuboku” velosiped yarışı keçirilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) və "Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyinin birgə təşəbbüsü ilə Mingəçevir şəhər məktəblilərinin Əlağa Şıxlinskinin xatirəsinə həsr olunmuş "Məktəbli kuboku" velosiped yarışı təşkil olunub.
Federasiyadan bildiriblər ki, Mingəçevir şəhər stadionu ərazisində keçirilən yarışda 13 məktəbin komandası iştirak edib. Reqlamentə görə, kollektivlər hər birinin tərkibində 3 oğlan və 1 qız iştirakçı olmaqla, estafet sistemi üzrə mübarizə aparıblar. İlkin mərhələdən sonra finala vəsiqə qazanan 4 komanda müəyyənləşib. Həlledici yürüşdə isə bütün rəqiblərini qabaqlayan 2 nömrəli məktəbin komandası yarışın qalibi olub. 13 nömrəli məktəbin kollektivi 2-ci, 3 nömrəli məktəbin velosipedçiləri isə 3-cü yeri tutub. İlk 3 yeri tutan komandalar AVİF tərəfindən kubok, medal, diplom və pul mükafatı ilə təltif ediliblər. Xatırladaq ki, federasiya tərəfindən bu vaxtadək Nərimanov, Səbail və Xəzər rayonlarının məktəbləri arasında da "Məktəbli kuboku" turniri təşkil edilib. Bu yarışlar ümumrespublika "Məktəbli kuboku" turnirinə hazırlıq xarakteri daşıyır.

Xəbər 275 dəfə oxundu.