Xersonun komendantı [Yenilənib]
Ukrayna torpaqları uğrunda atam və onunla birgə vuruşan həmvətənlərin xatirəsinə

İmanov Kazım Əliqulu oğlu 1916-cı ildə Naxçıvan MR Şərur rayonunun Axura kəndində anadan olub. Naxçıvan Müəllimlər məktəbini bitirdikdən sonra 1939-cu ilin payızında üçillik həqiqi hərbi xidmətə çağırılıb. 1941-ci ildə Xarkov hərbi məktəbində təhsil aldıqdan sonra həmin il iyunun 22-də başlanan Böyük Vətən müharibəsinə leytenant hərbi rütbəsi ilə Birinci Ukrayna Cəbhəsinin artilleriya bölməsinə komandir vəzifəsində döyüşə göndərilib. Ukraynanın Odessa, Xerson, Sevostopol, Nikolayev, Kiyev və Lvov şəhərləri uğrunda gedən qanlı döyüşlərdə iştirak edib. Müharibədə göstərdiyi şücaətə görə "Qırmızı Ulduz", "Qələbə" və "BVM Ulduzu" ordeni və bir sıra fərqlənmə medalları ilə təltif edilmişdir. Birinci Ukrayna Cəbhəsinin tərkibində ağır artilleriya alayı düşməni Polşaya, ordan isə Almaniya sərhədlərinə, Poznan şəhərinə qədər sıxışdırmışlar. 1945-ci ildə Almaniyanın Spree çayı yaxınlığında gedən qızğın döyüşdə ağır yarlanaraq səhra hospitalına yerləşdirilir.
Ukraynanın dağılmış şəhərlərinin bərpası məqsədi ilə yaradılmış hərbi briqadanın tərkibində əvvəlcə Odessa, sonra isə Xerson şəhərlərinin hərbi komendantı təyin olunur. 1945-ci ilin may ayından 1946-cı ilin oktyabr ayına qədər həmin şəhərlərdə cinayətkar qruplaşmalara qarşı keçirilən hərbi əməliyyatlara rəhbərlik etmiş və şəhərlərin infrastrukturları nisbətən bərpa olunaraq yerli hökumətə təhvil verilmişdir. 1946-cı ilin oktyabrının axırlarında ordudan tərxis olunaraq öz doğma vətəninə geri qayıdır və dinc həyata başlayır. Əmək fəaliyyətinə Şərur Rayon Partiya Komitəsində təlimatçı vəzifəsi ilə başlayır. Lakin, müharibədə həlak olan qardaşları və dayısının ailələri ağır vəziyyətdə olduğu üçün 1952-ci ildə doğulduğu Axura kəndinə qayıdır. Azərbaycan Pedaqoji Universitetinin Riyaziyyat fakültəsini bitirdikdən sonra orta məktəbdə müəllim, sonra isə məktəb direktoru vəzifələrində çalışmışdır. 1987-ci ilin sentyabrında vəfat etmişdir.

Böyük müharibənin yaddaşlara köçən kiçik xatirələri...
Axşamdan başlayan şiddətli döyüş nisbətən səngidiyi üçün sakitlik idi. Belə şəraitdə düşmən qaranlıqdan istifadə edərək döyüş müvqeyini dəyişirdi. Bizim kəşfiyyat qrupumuz düşmənin yerini dəqiqləşdirdiyi üçün döyüşçülərimiz tam hazırlıq vəziyyətinə gətirilmişdi. Yaxından atılan xəbərdarlıq atəşi sükutu pozan kimi qarşı tərəfdən atılan güllələr üzərimizə yağış kimi yağmağa başladı. Piyada və ağır artilleriyaya atəş əmri verdim. Yaxın məsafədə görünən alman tankları güclü artilleriya atəşinə tutuldu. Qara dumana bürünən alman tanklarının hərəkət sırası pozuldu. Düşmən piyadaları geri çəkilirdi. Hər iki tərəfdən atəş dayanmışdı. Əsgərlərdən ölən və yaralananlar var idi. Asta bir səslə kimsə "yoldaş komandir" deyə mənə müraciət etdi və mən dərhal səngərə yaxınlaşdım. Qarşımda ağır vəziyyətdə al-qan içində olan ən yaxın dostumu, həmyerlimi gördüm. Bu mənimlə Bakıdan hərbi xidmətə yola düşən Namiq Abbasov idi. Yaxınlığında partlayan mərmi qəlpəsindən ağır yaralandığı üçün bir neçə dəqiqədən sonra əbədi olaraq gözlərini yumdu. Bu, müharibənin ilk günlərində mənim üçün ən ağır və kədərli anlardan biri idi... Ala-toranlıqda Günəşin şəfəqləri qarşıdakı çayın üzərində əks olunaraq mirvari kimi parlayırdı...
1941-ci il 6 iyul Nikolayev şəhəri,
Ukrayna


Aldığımız əmrə əsasən yaxınlıqdakı meşədən keçdikdən sonra istehkam qurmalı idik. Hərbi yük maşınları çatışmadığından, ağır artilleriya qurğularını atlara qoşaraq hərəkət etdik. Bataqlıqdan çox çətinliklə keçərək, sıx meşənin qarşısında uzanan düzənliyə çıxdıq ki, üzərimizdən keçən alman təyyarəsi havada dövrə vuraraq geriyə, üzərimizə tərəf alçaqdan uçmağa başladı. Sanki nəsə alovlandı, güclü partlayış səsi ətrafa yayıldı... Mən yeraltı sığınacaqda gözlərimi açaraq ətrafa nəzər saldım. Yaralı olduğum üçün tərpənə bilmirdim. Gilizdən düzəldilmiş lampa pırıltı ilə yanaraq qaranlıq sığınacağı xəfif işıqlandırırdı...
2 avqust 1942-cı il, Krım

Birinci Ukrayna Cəbhəsinin qərargahından hücum əmri verilmişdi. Kiyev şəhəri uğrunda ölüm-dirim müharibəsi gedirdi. Hər tərəfdən atılan mərmilər Dnepr çayına düşdükcə, çayın suyu göyə sovrulurdu. Qərargahla rabitə əlaqəsi kəsildiyindən növbəti əmr barədə məlumat ala bilmirdik. Almanlar Dnepr çayı üzərindəki körpünü partlatdığı üçün ağır texnikanı çayın digər tərəfinə keçirmək mümkün deyildi. Top alayından qabaqda döyüşən piyada əsgərlərimizdən xəbərsiz idik. Buna baxmayaraq var qüvvəmizlə düşməni artilleriya atəşinə tutmuşduq. Birdən gözlənilməz bir hadisə baş verdi, Dnepr çayının sol sahilindən alman əsgərləri, onlardan biraz aralıda isə "Tiqr" alman tankları göründü. Mən özümü itirmədən topların istiqamətini dərhal dəyişərək atəş əmri verdim. İlk atılan mərmi tankların yaxınlığında partladı. Kordinasiya istiqamətində hədəfi düz nişan alıb atəş açdım, "Tiqr" alova büründü, düşmənə aman verilmədi. Tanklar aramsız partlayan mərmilərin içində görünməz oldu. Bir neçə düşmən tankı və xeyli piyadası təslim olaraq əsir götürüldü. Bizə kömək göndərilsə də artıq düşmən qüvvələri tamamilə məhv edilmişdi. Xəbər qərargaha çatdığı üçün oradan komanda heyəti döyüş yerinə gəlmişdi. General Kravçenkoya döyüş haqqında məruzə etmək üçün qabağa keçsəm də o mənə tərəf addım atıb əlimi sıxdı və gülərək mənim "Qızıl Ulduz" ordeni ilə təltif olunduğumu şəxsi heyətin qarşısında elan etdi...
19 sentyabr 1943-cü il Kiyev şəhəri

Döyüş yerinə yeni silahlar, iri çaplı artileriya qurğuları və T-34-85 döyüş tankları gətirilmişdi. Almanların "Məşhur Altıncı Ordusu" bu ağır texnikanın qarşısında tab gətirə bilməyərək Ukrayna ərazisindən Polşa sərhədlərinə çəkilirdi. Artıq Jitomir Lvov şəhəri düşmənlərdən təmizlənmişdi. Növbəti hücum əmrini gözləyirdik...
24 dekabr 1944-cü il, Jitomir şəhəri

Polşanın Kelse şəhəri ələ keçmişdi. Birinci Ukrayna Cəbhəsi Almaniya sərhəddindəki Poznan şəhərini tutaraq Berlin istiqamətində irimiqyaslı hücuma hazırlaşırdı. I-III Ukrayna, "Mərkəz" və Belarusiya Cəbhəsinin qüvvələri birləşdirilərək Berlin istiqamətində hücuma keçdi. Qoşunlarımız Berlin şəhərinin 5 kilometrliyinədək irəliləmişdi. 1945-ci il aprel ayının 16-sı, gecə saat 3:00-da irimiqyaslı hücum əməliyyatı başladı. Uzaqvuran artilleriya qurğusunun qarşısında gücləndirici işıq projektorları yandırılmış və həyəcan siqnalı verilirdi. Eyni anda "Katyuşa", uzaqvuran toplar və tanklardan Berlin istiqamətində aramsız atəş açılırdı. Bu hücum qarşısında tab gətirməyən düşmən qüvvələri tamamilə darmadağın edildi. Milyonlarla insanın ölümünə səbəb olan və Avropanın böyük bir hissəsini xarabalığa çevirən bu dəhşətli müharibə başa çatdı. Əsgərlərin qələbə sevincini adi sözlərlə təsəvvür etmək çox çətin idi...
9 may 1945-ci il, Frankfurt şəhəri,
Almaniya

Tamamilə dağıdılmış Xerson şəhərinin komendantı təyin olunmuşdum. Qarşımızda duran vəzifələr bunlardan ibarət idi: şəhəri cinayətkar qruplaşmalardan təmizləmək, infrastrukturu bərpa etmək, vətəndaşların təhlükəsizliyini təmin edərək şəhəri yerli orqanlara təhvil vermək. Biz hərbi təcrübəmizdən istifadə edərək ilk növbədə "Çornaya Banda" adı ilə vətəndaşları qorxuya salan cinayətkar dəstə zərərsizləşdirildi. Daha sonra şəhərin bərpası üçün bir sıra mühüm işlər gördükdən sonra şəhəri yerli icra orqanlarına təhvil verdik.
22 sentyabr 1946-cı il, Xerson şəhəri, Ukrayna
Müəllif: Q.K. İmanov


Xəbər 238 dəfə oxundu.