“Azərbaycan elektrik enerjisi təchizatının keyfiyyətinə görə MDB-də liderdir”
Azərbaycan MDB ölkələri içərisində elektrik enerjisi təzhizatının keyfiyyətinə görə liderlik edir. Bu barədə Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış iqtisadiyyatların rəqabətqabiliyyətliliyi ilə bağlı hesabatda (Global Competitiveness Index 2012-2013) bildirilir. Qeyd edək ki, bu barədə “Gazeta.ru” saytı məlumat verib.
Dünyanın 144 ölkəsi arasında Azərbaycan 4,7 balla 69-cu yeri tutur. MDB ölkələri içərisində ondan sonra isə Ukrayna gəlir. Ukrayna 144 ölkə arasında 78-ci yerdədir. Qazaxıstan həmin reytinq cədvəlində 81-ci, Rusiya 84-cü yerdə gəlir. Bu sahədə ən aşağı göstəriciyə malik MDB ölkəsi isə 119-cu yerdə olan Qırğızıstandır.
Qeyd edək ki, Azərbaycanın sözügedən sahədə də lider mövqeyə çıxması təsadüfi deyil. Hazırda Azərbaycan müstəqil elektrik enerji sisteminə malikdir. Bu gün artıq enerji istehsalı və ötürülməsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Dünyanın aparıcı ölkələri ilə qarşılıqlı faydalı əlaqələr qurulmasına yönəlmiş strateji xətt elektrik energetikası sisteminə xarici sərmayələrin cəlb olunmasına imkan yaradır. Bu imkanlardan Azərbaycan energetika sisteminin mövcud potensialının səmərəliliyinin artırılmasında, enerji təsərrüfatının yenidən qurulmasında və yeni güclərin yaradılmasında məqsədyönlü şəkildə istifadə olunur. Regionun lider ölkəsi kimi, Azərbaycan artıq təkcə özünün deyil, bütövlükdə bölgənin Avropaya, eləcə də onun enerji təhlükəsizliyi sisteminə qoşulmasına çalışır.
Hazırda "Azərenerji" ASC respublikamızın ən iri enerji istehsalçısı olmaqla yanaşı, paylayıcı şəbəkələr və elektrik verilişi xətlərinin sayına və uzunluğuna görə də regionda lider mövqe tutur. Hal-hazırda qurumun tərkibində gərginliyi 500, 330, 220 və 110 kilovolt olan 200-dən artıq yarımstansiya; "Mingəçevir", "Varvara", "Şəmkir", "Yenikənd", "Araz" və "Vayxır" daxil olmaqla 6 ədəd su elektrik stansiyası (SES), "Azərbaycan", "Şirvan", "Şimal", "Bakı İEM", "Babək", "Astara", "Şəki", "Xaçmaz", "Naxçıvan", "Bakı", "Səngəçal", “Şahdağ” və “Sumqayıt” istilik elektrik stansiyaları (İES) daxildir. Yaxın bir neçə ildə bir sıra yeni stansiya və yarımstansiyaların, elektrik verilişi xətlərinin tikintisi və mövcud obyektlərin əsaslı yenidən qurulması planlaşdırılır.“Azərenerji”nin balans mənsubiyyətində olan bütün elekrik stansiyalarının gücü 6 qiqavatdan artıqdır, o cümlədən , Naxçıvan Muxtar Respublikasında olan 5 stansiyanın gücü 190 Meqavatdan çoxdur. Enerjisistemdə hər il orta hesabla 18 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilir ki, onun da təqribən 90 faizi istilik elektrik stansiyalarının, 10 faizi isə su elektrik stansiyalarının payına düşür. Elektrik və istilik enerjisinin buraxılmasına ildə təqribən 5 milyon ton şərti yanacaq sərf olunur ki, bunun da orta hesabla 100 %-ni təbii qaz təşkil edir.
Ölkə rayonlarının enerji təchizatının günü-gündən daha da davamlı və dayanıqlı olması daim energetiklərin diqqət mərkəzindədir. Regionlarda yeni elektrik stansiyalarının tikintisi əhalinin elektrik enerjisinə olan tələbatını təmin etməklə, energetika sisteminin dayanıqlılığında mühüm rol oynayır. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na (2004-2008-ci illər) uyğun olaraq ölkədə 9 elektrik stansiyası tikilib ki, bunun 7-si regionlarda fəaliyyət göstərir. Astara, Şəki, Xaçmaz rayonlarında modul tipli elektrik stansiyalarının, Naxçıvan Muxtar Respublikasında 3 elektrik stansiyasının, Sumqayıt şəhərində yeni istilik elektrik stansiyasının tikintisi başa çatdırılıb və istifadəyə verilib. Paytaxt əhalisinin elektrik enerjisinə olan tələbatını tam təmin etmək məqsədilə Bakı şəhərində 110 MVt-lıq və Qaradağ rayonunda 300 MVt-lıq “Səngəçal” modul tipli elektrik stansiyaları tikilib istifadəyə verilib.
Bütün qeyd edilənlər bir daha Azərbaycanın enerji təchizatının keyfiyyəti ilə bağlı regionda lider olduğunu açıq ortaya qoyur.
İLKIN

Xəbər 343 dəfə oxundu.