Cəmşid Naxçıvanskinin Göygöldə xatirə lövhəsinin açılışı olub
Müdafiə Nazirliyinin və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hərbi xadim, görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “Xan Naxçıvanski dağında sərkərdə yubileyi” adlı tədbir keçirilib.
Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşlarının və Göygöl rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbir ümummilli lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Sonra Göygöl rayonunda Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə-kompleksi önünə gül dəstələri qoyulub, təzə salınmış “Qələbə parkı”nda gəzinti olub. Tədbiri Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbani açaraq Cəmşid Naxçıvanskinin keçdiyi şərəfli döyüş yolundan, Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətdən və milli hərb sənəti tarixinə verdiyi töhfələrdən danışıb. Bildirilib ki, onun ölkədə yüksək ixtisaslı hərbçi kadrların hazırlanmasında böyük xidmətləri olub. Lakin görkəmli sərkərdə 1930-cu illərin ağır repressiyasına məruz qalaraq, totalitarizmin qurbanına çevrilib. Diqqətə çatdırılıb ki, 1918-1920-ci illərdə Göygöl rayonu ərazisindəki hündür təpələrdən birində Cəmşid Naxçıvanskinin komanda-müşahidə məntəqəsi olub və bu gün də əhali həmin təpəni “Xan Naxçıvanski dağı” adlandırır. Sonra vaxtilə Cəmşid Naxçıvanskinin komanda-müşahidə məntəqəsi olmuş hündür təpədə onun xatirə lövhəsi açılıb. Sonda Göygöl, Gəncə və Müdafiə Nazirliyinin incəsənət ustalarının çıxışları olub, Gəncə Dövlət Dram Teatrının aktyorları teatrlaşdırılmış səhnələr göstəriblər.

Xəbər 435 dəfə oxundu.