QAÇQINLAR CƏMİYYƏTİ:”Dünya birliyimizin şahidi olacaq”
Iyunun 2-də Azərbaycan Qaçqınlar Cəmiyyəti İdarə Heyətinin geniş yığıncağı keçirilmişdir. Yığıncaqda Cəmiyyətin yeni istifadəyə verilmiş qacqinlarcemiyyeti.com saytının təqdimatı olmuş, AQC-nin sədri Əziz Ələkbərli sayt haqqında yığıncaq iştirakçılarına geniş məlumat vermiş, saytın erməni yalanlarının ifşası yolunda, düşmənə qarşı ideoloji mübarizədə mühüm rol oynayacağına əmin olduğunu bildirmişdir.
Daha sonra Azərbaycan Qaçqınlar Cəmiyyətinin İdarə Heyəti başlanmasına sayılı günlər qalan Birinci Avropa Oyunları münasibətilə Bəyanat qəbul etmişdir.Bəyanatda deyilir: “Birinci Avropa Oyunlarının başlanmasına sayılı günlər qalır. Bu oyunların Azərbaycanda keçirilməsi dövlətimizin və xalqımızın ən yeni tarixində önəmli hadisələrdən biri, ölkəmizi dünyada daha yüksək səviyyədə tanıtmaq və qəbul etdirmək fürsətidir.
Amerikanın və Qərbin daim Azərbaycana ikili standartlarla yanaşdığı, işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında hələ də fərq qoymadığı, hətta xristian təəssübkeşliyi ilə terrorçu və işğalçı Ermənistanı müdafiə etdiyi bir zamanda Azərbaycanın Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirməsi, öz iqtisadi və mənəvi gücünü dünyaya nümayiş etdirməsi mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Qaçqınlar Cəmiyyəti inanır ki, Birinci Avropa Oyunlarınının gedişində dünya Azərbaycan xalqının və Azərbaycan dövlətinin birlik və mütəşəkkilliyinin bir daha şahidi olacaq, bu birlik və mütəşəkkilliyi sarsıtmağın mümkünsüzlüyünü dərk edəcəkdir.
Yüz minlərlə qaçqın adından bu möhtəşəm idman tədbiri münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, idmançılarımıza parlaq qələbələr arzulayır və əmin olduğumuzu bildiririk ki, bu tədbir xalqımızın və dövlətimizin gələcək siyasi, iqtisadi və mədəni uğurlarına da öz töhfəsini verəcəkdir”.




Xəbər 222 dəfə oxundu.