Sahib Məmmədov: “Sahibkarlıq fəaliyyəti daha da genişlənib”
“Gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi” mövzusunda konfrans keçirilib

Mingəçevirdə gənc sahibkarların iştirakı ilə “Gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi” mövzusunda konfrans və gənc sahibkarlar tərəfindən istehsal olunan məhsulların sərgisi keçirilib. Tədbirə İqtisadiyyat və Sənaye, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Gənclər Fondunun, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Sahibkar Qadınlar İctimai Birliyinin nümayəndələri, eləcə də Gəncə-Qazax, Aran və Şəki-Zaqatala iqtisadi rayonlarında fəaliyyət göstərən gənc sahibkarlar iştirak ediblər.
Tədbirdən əvvəl gənc sahibkarların istehsal etdiyi məhsulların sərgisinə baxış keçirilmişdir. Sərgidə 60-dan çox sahibkarlıq subyektinin 200-dən çox çeşiddə məhsulları nümayiş etdirilir. Sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
“Gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi” mövzusunda konfransda çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə davamlı və dayanıqlı iqtisadi inkişafın təmin edildiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin daha da genişləndiyini vurğulayıb. Nazir müavini bu istiqamətdə görülmüş işlər barədə geniş məlumat verərək ölkədə gənclərin məşğulluğunun təmin edilməsinə və sosial məsələlərinin həllinə, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə daim diqqət və qayğının göstərildiyini qeyd edib. Diqqətə çatdırılıb ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında müəyyən edilmiş mühüm vəzifələrdən biri də gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsidir. Aidiyyəti dövlət qurumları ilə yanaşı, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən də Dövlət Proqramına uyğun olaraq kompleks tədbirlər həyata keçirilir. Mingəçevir Gənclər Evində təşkil edilən Sərgi də bu tədbirlərdən biridir. Sahib Məmmədov qarşıdan gələn ilk Avropa Oyunlarının ölkəmiz üçün, o cümlədən oyunların bir qisminin keçiriləcəyi Mingəçevir şəhəri üçün əlamətdar hadisə olduğunu qeyd edib, gənc idmançılara yarışlarda uğurlar arzulayıb.
Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini İlham İsmayılov dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafına göstərilən dövlət dəstəyi nəticəsində digər rayonlar kimi, Mingəçevir şəhərinin də sürətlə inkişaf etdiyini, kiçik və orta sahibkarlığın inkişafı üçün sənaye və texno parkların yaradılması istiqamətində məqsədyönlü işlərin görüldüyünü qeyd edib.
Sonra çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev gənclərə göstərilən diqqət və qayğının daha da artdığını, gənclərin yaradıcılıq və məşğulluq təşəbbüslərinin daha da genişləndiyini bildirib. Qeyd edilib ki, dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı hər bir gəncin, bütünlükdə Azərbaycan gəncliyinin inkişafı üçün yeni imkanlar yaradıb. Ölkəmizin artan iqtisadi qüdrətinin və nüfuzunun beynəlxalq aləmdə tanıdılmasında, o cümlədən ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə gənclər fəal iştirak edirlər.
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov ölkəmizdə gənclərin sahibkarlıq fəaliyyətinin inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər, startaplara dəstək, biznes inkubatorların, gənclərin təşəbbüslərinin dəstəklənməsi və s. barədə ətraflı məlumat vermişdir.
Tədbirdə çıxış edən gənc sahibkarlar ölkədə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya, həyata keçirilən çoxsaylı dəstək tədbirlərinə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Sonra gənc sahibkarlar tərəfindən istehsal olunan məhsulların sərgisinin iştirakçılarına fəal iştiraka görə müvafiq sertifikatlar təqdim edilib.
İlkin

Xəbər 423 dəfə oxundu.