“Hətta dünya çempionatı belə bir möhtəşəm məkanda keçirilmir”
“Bu günədək Avropa Oyunlarında 173 idmançı qızıl medal qazanıb. İyunun 25-də 21 medal sahibini tapacaq. İyunun 24-ü və 25-i medalların ən çox qazanıldığı günlərdir. Nəticələr medal cədvəlinə təsir edəcək. Dünən “Bakı-2015” ilk Avropa Oyunlarının rəsmi internet səhifəsinə rekord sayda - altı milyon insan daxil olub və hər gün izləyici sayında 23 faiz artım müşahidə edilir”. Bu sözləri iyunun 25-də “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq ötən günün yarışlarının yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
İyunun 24-də çimərlik futbolunu 18 min 700 tamaşaçının arenadan izlədiyini söyləyən Saymon Kleq deyib: “Tamaşaçıların orta davamiyyət göstəricisi 81 faizə bərabərdir. Çimərlik futbolu yarışlarını izlədim. Çimərlik futbolu FİFA-nın təşkil etdiyi dünya çempionatından da yüksək səviyyədə keçirilir. Hətta dünya çempionatı belə bir möhtəşəm məkanda keçirilmir. İdmançılar, qonaqlar və rəsmilər yarışların keçirildiyi arenalardan çox razıdırlar. 3 min 217 idmançı və rəsmi şəxs Atletlər kəndində hələ də yaşamaqdadır. Hər zaman olduğu kimi, könüllülərin və məşəlçilərin rolunu xüsusi qeyd etmək istərdim. Onların köməyi Oyunlarda böyük əhəmiyyətə malikdir. Nəqliyyat sisteminin işini də yüksək qiymətləndirmək lazımdır.
Bağlanış mərasiminə biletlər artıq satılıb. Bu təntənəli mərasimi Dənizkənarı Milli Parkda qurulmuş monitorlardan canlı izləmək mümkün olacaq.
İyunun 25-dən etibarən Heydər Əliyev adına İdman Sarayında cüdo üzrə yarışlar başlayacaq. Hər kəs çılğın yarışların şahidi olacaq. İyunun 26-da Azərbaycanın Silahlı Qüvvələr Günü qeyd olunacaq. Bununla əlaqədar arenalara daha çox tamaşaçı axınını gözləyirik. Voleybol üzrə yarımfinal yarışları keçiriləcək. Azərbaycan və Türkiyə yığma komandaları qarşılaşacaq.
İlk Avropa Oyunlarında Avropa Olimpiya Komitəsi üzvlərinin fəal iştirakının idmanın gücünə və birləşdirici roluna dəlalət etdiyini bildirən Saymon Kleq yarışlarda təmsil olunan 50 ölkədən 40-nın idmançılarının medal qazanmasının sevindirici hal olduğunu diqqətə çatdırıb.
Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov qələbə qazanmış idmançıları təbrik edərək Milli Gimnastika Arenasında tamaşaçı sayının çoxluğunu vurğulayıb. Gimnastikanın 6 növü üzrə yarışların keçirildiyini, bunlardan 4-nün Olimpiya Oyunlarına lisenziya xarakterli olduğunu söyləyən Fərid Qayıbov deyib: “Milli Gimnastika Arenası beynəlxalq nümayəndələr tərəfindən gözəl məkan kimi qiymətləndirilir. Oleq Stepko 5 medal qazandı. O, Avropa Oyunlarında ən çox medal qazanan ilk idmançıdır. Bu, əlamətdar hadisədir. Son iki ildə Gimnastika Federasiyası üç yeni idman növünü inkişaf etdirib. Bunlardan biri batut növü idi və biz bu növdə medal qazandıq. Gələcəkdə idmançılarımız Olimpiya Oyunlarında daha yüksək nəticələr əldə edəcəklər”.
Tural

Xəbər 335 dəfə oxundu.