“Yerüstü piyada keçidləri daha gözəl görünəcək”
Heydər Əliyev prospektinin "Böyükşor" yol qovşağından Heydər Əliyev Beynəlxalq Aeroportu qovşağına qədər olan hissəsində 7 yerüstü piyada keçidindən 6-da köhnəlmiş üzlüklərin sökülməsi işlərinə start verilib.
Nəqliyyat Nazirliyi “Azəryolsevis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, həmin piyada keçidlərində bəzi üzlüklər köhnəlib, bəzi yerlərdə isə üzlüklər dağılıb.
A. Nəcəfli deyib ki, bu, prospektin ümumi görünüşünə xələl gətirir: “Ona görə də qərara alındı ki, daha yeni, müasir üzlüklər vurulsun. Bundan başqa, təmir işləri zamanı keçidlərin işıqlandırma sistemi tam yenilənəcək. Beləliklə, yerüstü piyada keçidləri daha gözəl görünəcək”.
A. Nəcəfli Heydər Əliyev prospektinin Mərdəkan yol qovşağına çatmamış 500 metrlik hissəsində də təmir işləri aparıldığını söyləyib. Buna səbəb yol hərəkət hissəsində asfalt-beton örtüyündə müəyyən deformasiyaya uğramış hissələrin olmasıdır. Həm yerüstü piyada keçidlərində, həm də yolda təmir-bərpa işləri tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır: “Bunun üçün də bütün qüvvələr həmin ərazilərə səfərbər olunub”.

Tural

Xəbər 302 dəfə oxundu.