Əsnəmə ilə psixopatiya arasında əlaqə varmış
Amerikalı alimlər insanların psixi müvazinəti ilə əsnəmə arasında birbaşa asılılığın olduğunu müəyyən ediblər. Təcrübə zamanı məlum olub ki, insanın psixopatik xüsusiyyətləri nə qədər çoxdursa, başqasına baxıb əsnəmək ehtimalı bir o qədər azdır. Bu barədə “The Daily Mail” məlumat yayıb. Tədqiqatda 135 tələbə iştirak edib. Əvvəlcə onlar makiavellizm (öz mənafeyin naminə başqalarını manipulyasiya etmək), islah olunmazlıq və üsyankarlıq kimi xüsusiyyətlərin qiymətləndirilməsi üçün nəzərdə tutulmuş anketləri doldurublar. Sonra təcrübə iştirakçılarına müxtəlif üz ifadələri olan insanların videosu nümayiş etdirilib. Videoda əsnəyən insanların olduğu kadrlar da yer alıb. Mütəxəssislər sərt, amansız iştirakçıların nadir halda əsnəyən insanları təkrarladığını müəyyənləşdiriblər. Alimlər hesab edir ki, bu, əsnəmə “yoluxması”nın empatiya ilə sıx əlaqəli olduğunu sübut edir.
Tural

Xəbər 284 dəfə oxundu.