Kəngərli rayonunda keçirilən əmək yarmarkasında 18 nəfər işə göndəriş aldı
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi istiqamətində görülən işlər muxtar respublika sakinləri tərəfindən insan amilinə, onun layiq olduğu səviyyədə yaşamasına qayğı kimi dəyərləndirilir.
Kəngərli Rayon Məşğulluq Mərkəzinin keçirdiyi növbəti əmək yarmarkasında bu barədə geniş danışıldı. Məşğulluq Mərkəzinin direktoru Səxavət Həsənov qeyd etdi ki, əhalinin iş yeri tapmasında əmək yarmarkalarının böyük rolu olduğundan bu sosial tədbirin keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Növbəti əmək yarmarkası ərəfəsində rayon Məşğulluq Mərkəzinin əməkdaşları yenə də idarə, müəssisə və təşkilatlarla əlaqə saxlayaraq vakant iş yerlərinin mövcudluğunu araşdırıblar.
Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim Canbaxşıyev çıxış edərək diqqətə çatdırdı ki, ki, ötən illər ərzində muxtar respublikanın bütün bölgələrində, eləcə də Kəngərli rayonunda təşkil olunan əmək yarmarkalarında işaxtaran vətəndaşlara iş yerləri təklif olunmaqla yanaşı, onların mövcud əmək bazarının tələblərinə uyğun peşələr üzrə kurslara və haqqıödənilən ictimai işlərə cəlb olunması da təmin edilir. Rayon əhalisinin məşğulluğunun gücləndirilməsi, işaxtaranlarla işəgötürənlər arasında birbaşa əlaqələrin yaradılması və məşğulluq orqanlarının fəaliyyətinin səmərəliyinin yüksəldilməsi baxımından da əmək yarmarkaları mühüm əhəmiyyətə malikdir. Təhlillər göstərir ki, yarmarkalarda işaxtaran vətəndaşlar yerli məşğulluq orqanlarının xidmətlərindən daha çox bəhrələnir, işəgötürən müəssisələrin nümayəndələri ilə birbaşa ünsiyyət yaratmaq imkanı qazanırlar.
İşaxtaran vətəndaş Türkay Taroyeva çıxış edərək bildirdi ki, belə tədbirlər əhali tərəfindən rəğbətlə qarşılanır, xüsusilə gənclərin müvafiq işlə təmin olunması imkanlarını artırır. O, növbəti əmək yarmarkasında iştirak edənlər adından təşkilatçılara minnətdarlığını bildirdi.
Rayondakı 17 təşkilatdan 90 vakant iş yerinin çıxarıldığı yarmarkada 18 nəfərə işə göndəriş verildi.
Təhminə

Xəbər 424 dəfə oxundu.