Oruc Zalov: “Razılaşdırılmamış yerlərdə tədbirlər keçirilərsə, polis bu halların qarşısını alacaq”
Polis orqanları Azərbaycan qanunları çərçivəsində seçkilərin pozulmasına yönəlmiş bütün addımların qarşısını almağa hazırdır. Trend xəbər verir ki, bunu daxili işlər nazirinin müavini Oruc Zalov Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
O.Zalovun sözlərinə görə, parlament seçkiləri ilə bağlı təhlükəsizliyin təmin edilməsi məqsədilə xüsusi tədbirlər planı hazırlanıb: "Milli Məclisə seçkilərə hazırlıq dövründə baş verə biləcək qanun pozuntularının qarşısının alınması, seçkilərin müvafiq qanunların tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsi və bu məsələ ilə əlaqədar orqanların üzərlərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin təmin olunması məqsədilə xüsusi tədbirlər planı hazırlanıb və bu, icra üçün yerli orqanlara yönəldiləcək. Həmin tədbirlər planında keçiriləcək seçki ilə bağlı daxili işlər orqanlarının əməkdaşlarının sayıqlığının artırılması, asayişin nümunəvi təmini və zəruri təhlükəsizlik şəraitinin yaradılması, seçkinin gedişinə əsassız müdaxilələrin qarşısının alınması, DİN-in bütün orqan və hissələrinin gücləndirilmiş iş rejiminə keçirilməsi, səsvermə hüququna malik olan vətəndaşların siyahılarının dəqiqləşdirilməsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərlə təmini işinin oktyabr ayının sonunadək tam başa çatdırılması nəzərdə tutulub". Nazir müavini əlavə edib ki, DİN-nin müvafiq xidmətləri, yerli orqanlarla, ASAN xidmətlə birgə səyyar xidmətlər təşkil edərək seçki ərəfəsində 18 yaşına çatmış şəxslərin şəxsiyyət vəsiqələri ilə təmin edilməsi, eləcə də, eləcə də müddəti bitmiş şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi üçün işlər görür. Bu iş oktyabr ayının sonunadək başa çatdırılacaq.
Bununla yanaşı, seçki kampaniyası dövründə dairə və məntəqə seçki komissiyalarının yerləşdiyi binaların mühafizəyə götürülməsi üçün yerli orqanlara tapşırıq verilib. Nazir müavini seçki siyahıları ilə bağlı məqama da diqqət çəkərək seçki siyahıları ilə bağlı bəzi problemlərin ortaya çıxa biləcəyini açıqlayıb: "Çünki əhali arasında miqrasiya var, kənddən şəhərə, şəhərdən kəndə getmə halları mövcuddur. Ola bilər ki, seçki ərəfəsində yerdəyişmə hallarına yol verilsin. Lakin bunların aradan qaldırılması üçün seçki komissiyalarının qaldırdığı hər bir məsələ dəqiqləşdiriləcək və real vəziyyət ortaya qoyulacaq". Polis orqanları və dairə, məntəqə seçki komissiyaları ilə birgə treninqlər keçirilməsi nəzərdə tutulub.
O, bildirib ki, seçki bülletenlərinin seçki məntəqələrinə, eləcə də seçkilərdən sonra yuxarı seçki komissiyalarına təhlükəsiz çatdırılması tam təmin olunacaq. Bu məqsədlə polis orqanları seçki komissiyalarının ixtiyarına veriləcək: "Polis orqanları seçənin və seçilənin hüquqlarını qorumağa borcludur. Namizəd qeydə alınıbsa, onun seçicilərlə görüşünə tam şərait yaradılacaq. Açıq və qapalı yerlərdə əvvəlcədən məlumatlandırılmış qaydada keçirilən görüşlərdə təhlükəsizlik tam təmin olunacaq. Görüşlər zamanı qanuni şüarlar və çağırışlar edilməlidir. Razılaşdırılmamış yerlərdə tədbirlər keçirilərsə, şüar və çağırışlar edərsə, polis qətiyyətlə bunun qarşısını alacaq".

Nigar

Xəbər 419 dəfə oxundu.