Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbələri üçün növbəti seminar-treninq keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) ştat vahidinin artması və yeni əməkdaşların cəlb olunması ilə əlaqədar olaraq, bölgə şöbələrinin fəaliyyətində səmərəliliyin artırılması, dövlət-din münasibətləri sahəsində strateji hədəflər istiqamətində məlumatlılığın təmin edilməsi ilə bağlı DQİDK-nın Yevlax, Ucar və Şamaxı bölgəsi üzrə şöbələrinin əməkdaşları üçün avqustun 27-də Yevlax şəhərində seminar-treninq keçirilib.
Seminar-treninqdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, şöbənin baş məsləhətçisi Vüqar Hümbətov, Maliyyə-təsərrüfat şöbəsinin müdiri Oktay Hüseynov, Dini təhsil sektorunun baş məsləhətçisi Anar Əliyev, Yevlax bölgəsi üzrə şöbənin müdiri Natiq Əfəndiyev, Ucar bölgəsi üzrə şöbənin müdiri Nizami Məmmədov, Şamaxı bölgəsi üzrə şöbənin müdiri Rəhim Rəhimli və şöbələrin əməkdaşları iştirak ediblər.
İki hissədən ibarət olan seminarda öncə DQİDK-nın ümumi iş prinsipi, qarşıya qoyulmuş strateji hədəflər barədə geniş məlumat verilib, bölgələrdəki dini durumun özünəməxsus xüsusiyyətlərindən danışılıb.
Daha sonra bölgə şöbələrinin əməkdaşlarının fəaliyyət istiqamətləri, dövlət qulluqçusunun etik davranış qaydaları, kargüzarlıq işinin təşkili, arayış və hesabatların hazırlanması metodologiyası və digər bu kimi məsələlər haqqında seminar iştirakçılarına məlumat verilib.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.
Tural

Xəbər 266 dəfə oxundu.