Xətai məktəblərində siqaret əleyhinə maarifləndirmə aparılıb
Xətai Rayon Qadınlar Şurası İctimai Birliyi “Gənclər və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği ilə bağlı tədbirlərin keçirilməsi” layihəsini bitirib. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyat keçirilən layihə siqaretlə mübarizədən bəhs edir. Xətai rayon Qadınlar Şurası İctimai Birliyinin sədri Aidə Hüseynzadə bildirib ki, dünya təcrübəsindən istifadə edən ölkəmizdə siqaretlə mübarizə istiqamətində bir sıra addımlar atılır: “Tütün ürək-damar, xərçəng və 25-dən artıq digər xəstəliklərin yaranmasının əsas səbəbkarıdır. Bəzi hallarda gənclər bunun fərqinə varmadan siqaretdən istifadə edirlər. Təhsil ocaqlarının inzibati binalarının tinlərində və yaxud da həyətlərində, şagirdlər tərəfindən evlərdə keçirilən şənliklərdə, eləcə də ictimai yerlərdə aparılmış müşahidə və araşdırmalar, dövlət və qeyri dövlət müəssisələrindən əldə etdiyimiz məlumatlara əsasən onu qeyd edə bilərik ki, əsasən yuxarı sinif şagirdləri siqaret çəkməyə cəhd edirlər. Bəzən sinif yoldaşlarının və ya əhatəsində olan dostlarının vasitəsi ilə siqaret çəkmək yönündə ilkin addım atan şagirdlər bu ziyanlı vərdişləri gizlincə həyata keçirirlər. Valideynləri isə bundan xəbər tutanda gec olur. Məhz bu kimi problemlərin qarşısını almaq üçün gələcək nəslin sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işinin aparılmasına ehtiyac var. Təşkilat olaraq siqaretlə mübarizə sahəsində may ayından Xətai rayonunda yerləşən orta ümumtəhsil müəssisələrində maarifləndirmə işi həyata keçirmişik. Məqsədimiz Xətai rayonunda orta ümumtəhsil müəssisələrində təhsil alan yuxarı sinif şagirdlərində sağlam həyat tərzini formalaşdırmaq idi”.
Aidə Hüseynzadə deyib ki, layihə çərçivəsində Xətai rayonunda orta ümumtəhsil müəssisələrində yuxarı sinif şagirdləri arasında siqarətdən istifadənin zərərli tərəfləri ilə bağlı söhbətlər aparılıb: “Həmçinin siqaretin insan sağlamlığında yaratdığı mənfi fəsadlar barəsində səhiyyə işçilərinin köməkliyi ilə maarifləndirmə işi həyata keçirilib. Orta ümumtəhsil müəssisələrinin məlumat guşələrində siqaretin xərçəng və 25-dən artıq digər xəstəliklər yaratması ilə bağlı məlumat lövhələri asılıb. Şagirdlər siqaretin nəinki ondan istifadə edənə, eyni zamanda siqaretdən istifadə edən şəxsin yaxın ətrafına mənfi təsiri ilə bağlı məlumatlandırılıb”.

Fuad


Xəbər 276 dəfə oxundu.