“Hüquqlarımızı öyrənək və qoruyaq!” adlı kampaniyaya start verildi
Ağcabədi rayon İcra Hakimiyyəti və Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional ofisi Ağcabədi rayonunda “Hüquqlarımızı öyrənək və qoruyaq!” adlı kampaniyaya start verdi.
Üç ay davam edəcək kampaniyanın məqsədi gənclər arasında məişət zorakılığı, insan alveri, erkən nigah, qadın hüquqları, uşaqların fiziki cəzadan qorunması, uşaq əməyinin istismarı, təhsil və sağlamlıq hüquqları mövzularında məlumatlılığın artırılmasına kömək etməkdir.
Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında keçirilən ilk maarifləndirici görüş gənclərin təhsil və sağlamlıq hüquqlarının təmin olunmasına həsr olunmuşdur. Görüşdə Rayon İcra Hakimiyyətinin, Polis Şöbəsinin, Mərkəzi Xəstəxananın, Təhsil Şöbəsinin, YAP Ağcabədi rayon Təşkilatı Qadınlar Şurasının nümayəndələri və ekspertləri iştirakı etmişdir.
Açılış nitqi ilə çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə kampaniyanın əhəmiyyətini qeyd edərək bildirmişdir ki, müstəqil Azərbaycan insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsini dövlətin ən ali məqsədi elan edib. Bu ali məqsədin müəyyənləşdirilməsi, müstəqil Azərbaycanın ilk konstitusiyasının yaradılması, insan hüquqlarının müdafiəsinə dair dövlət proqramının qəbulu, ölkədə Ombudsman aparatının yaradılması, söz və mətbuat azadlığına hesablanmış senzuranın ləğvi, onun həyata keçirilmə mexanizmlərinin tapılması və reallaşdırılması, sözügedən sahələrdə hüquqi bazanın yaradılması isə müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Daha sonra çıxış edən ekspertlər mövzu ətrafında fikirlərini bölüşmüş və məruzələrini etmişdirlər. Tədbir iştirakçıların müzakirəsi ilə yekunlaşdırılmışdır.
Mərkəzdən verilən məlumata görə kampaniya çərçivəsində orta ümumtəhsil müəssisələrində də tədbirlər davam etdiriləcək.

Qorqud


Xəbər 306 dəfə oxundu.