“Seçkilər beynəlxalq normalara müvafiq keçirilib”
Avropa milli parlamentlərinin üzvlərindən ibarət Seçki Monitorinq Qrupunun Azərbaycanda 1 noyabr qanunverici seçkilərinə dair bəyanat yayıb. Dünən bununla bağlı Seçki Monitorinq Qrupunun keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikasında 1 noyabr parlament seçkiləri bütövlükdə beynəlxalq seçki və demokratik standartlara müvafiq keçirildiyi qeyd olundu.
Seçki Monitorinq Qrupunun rəhbəri, Fransa Milli Assambleyasının üzvü Mariani Tyerri bildirdi ki, 12 Avropa ölkəsindən olan 31 deputatdan ibarət Seçki Monitorinq Qrupu 6 İspaniya, 4 Malta, 3 Albaniya, 3 Bosniya və Herseqovina, 3 Serbiya, 3 Yunanınstan, 2 Belçika, 2 Polşa, 2 Fransa, 1 Xorvatiya, 1 Monteneqro parlanemtarilərindən və 1 Kanada senatorundan ibarətdir: “Monitorinq missiyası 29 oktyabrda Azərbaycana gəldi və səylərini səsvermə və səslərin sayılması proseslərinin qiymətləndirilməsinə yönəltdi. Beləliklə, missiyanın hesabatında seçkiqabağı təşviqat kampaniyası müddəti işıqlandırılmamışdır. Seçki Monitorinq Qrupu Avropa Parlamenti və ya ATƏT Parlament Assambleyası kimi beynəlxalq parlament təşkilatlarının Azərbaycanda seçkilərin müşahidəsi üçün rəsmi nümayəndə heyəti göndərməməsinə və ölkənin gələcək demokratik inkişafına və regionun sabitliyinə töhfə vermək kimi mükəmməl imkanı əldən verməsinə olduqca təəssüflənir.
Azərbaycan Respublikasının Avropa Şurası, ATƏT, eləcə də Avropa Parlamenti ilə Şərqi Avropa tərəfdaşları arasında əməkdaşlığı əks etdirən struktur olan Avronest Parlament Assambleyasının üzvü olduğunu nəzərə alaraq, Seçki Monitorinq Qrupu qətiyyətlə hesab edir ki, respublikanın demokratik öhdəlik və vəzifələrin icrası istiqamətində əldə etdiyi irəliləyişlərin Azərbaycanın Avropalı tərəfdaşları tərəfindən xüsusilə institusion səviyyədə müşahidə edilməsi, izlənilməsi və dəstəklənməsi bütün tərəflərin uzunmüddətli marağıdır”.

Mariani Tyerri dedi ki, Missiya müşahidəçiləri seçki günü ölkə boyu cəmi 125 dairədən 20-də müşahidə aparıb: “Bu, onların müşahidə aparılmış dairələrin əksər məntəqələrində seçki prosesini izləməsinə imkan verdi.
Seçki günü səsvermə prosesi ərzində ölkədə ictimai mühit sakit idi, heç bir mühüm insident baş vermədi. Yerli orqanların və ya polisin seçki prosesinə müdaxiləsi qeydə alınmadı. Müşahidə aparılmış seçki məntəqələri yaxınlığında seçki kampaniyası və ya siyasi təşviqat aparılmırdı.
Səsvermə prosesi ümumilikdə təyinatlı heyət tərəfindən cari beynəlxalq standartlara müvafiq olaraq, peşəkarcasına və mütəşəkkil aparıldı və yalnız bir neçə seçki məntəqəsində cüzi texniki problemlər müşahidə edildi.
Hər seçki məntəqəsinin nəticələri müəyyənləşdirilərək, bütün hallarda xüsusi təhlükəsiz daşınma qutularında möhürləndi və hər dairə səviyyəsində mərkəzi qərargaha göndərildi. Monitorinq Missiyası seçki günü prosesləri izləmək mandatı çərçivəsində belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasında parlament seçkiləri ümumilikdə beynəlxalq tanınmış normalara müvafiq keçirilib”.

Fuad Hüseynzadə

Xəbər 282 dəfə oxundu.