İki ali təhsil ocağı arasında əməkdaşlıq protokolu imzalanıb
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə Qafqaz Universiteti arasında elmi-texniki əməkdaşlıq haqqında protokol imzalanıb. İmzalama mərasimində Qafqaz Universitetinin rektoru professor Əhməd Sanıç və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru professor Hüseyn Qaraşov, eləcə də hər iki ali təhsil müəssisəsinin nümayəndələri iştirak ediblər.
Protokolda iki ali təhsil müəssisəsi arasında təcrübə mübadiləsi, mövcud fakültələr və kafedralar arasında qarşılıqlı, faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin, layihələrin yerinə yetirilməsi; professor-müəllim heyəti, aspirantlar üçün təkmilləşdirmə kurslarının təşkili; elmi araşdırma aparmaq, təlim kursları keçmək və seminarlar vermək məqsədi ilə, universitet əməkdaşlarının qısa və uzunmüddətli mübadiləsi; hər iki ali təhsil müəssisəsinin professor-müəllim heyəti tərəfindən aspirantlara elmi rəhbərlik edilməsi; birgə sərgi və elmi konfransların keçirilməsi nəzərdə tutulub.
Hər iki ali təhsil müəssisəsinin rəhbərliyinin və professor-müəllim heyətinin iştirak etdiyi toplantının yekununda rektorlar imzalanmış protokolun əhəmiyyətinə, götürülən öhdəliklərə münasibət bildiriblər. Daha sonra Qafqaz Universitetinin rektoru professor Əhməd Sanıç qonaqları universitetin maddi-texniki bazası ilə tanış edib.

Xəbər 380 dəfə oxundu.