“Neftin qiymətinin aşağı düşməsi siyasi amillərlə bağlıdır”
Azər Həsrət: “Biz baş verənləri insanlara doğru şəkildə izah etməkdə yardımçı olmalıyıq”

Dünyada baş verən iqtisadi böhran, Yaxın Şərqdəki münaqişələr, Qərbin, xüsusən ABŞ-ın Rusiyaya qarşı apardığı mübarizə beynəlxalq aləmdə ictimai-siyasi vəziyyəti gərginləşdirib.
Əslində, vəziyyətin bu həddə gəlməsi dolayısı ilə ABŞ-ın mürtəce neft siyasəti və valyuta müharibəsi ilə bağlıdır. Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri Azər Həsrət “Palitra”ya bildirib ki, ABŞ nəinki valyuta, bütün sahələrdə müharibə aparır: “Təbii ki, əsas hədəf Rusiyadır. Amma zərər çəkən təkcə Rusiya deyil. Bu savaşda həm də tərəf tutmamağa üstünlük verən Azərbaycan kimi ölkələrdir”. Onun sözlərinə görə, ABŞ öz valyutası və dünya bazarındakı hakim mövqeyindən istifadə edərək daha zəif ölkələri həmişə nəzarətdə saxlamağa çalışıb: “Hazırda neftin qiymətinin durmadan aşağı düşməsi də buna bağlıdır. Bu məsələ iqtisadi olmaqdan daha çox siyasidir. Özü də təkcə bizim kimi yeni demokratiyalara qarşı deyil, hətta Avropa Birliyinə qarşı yönəlib. ABŞ bu yolla dünyada yeganə söz sahibi olmaq üçün çalışır və bir çox hallarda da bunu bacarır. Bu mərhələdə təmkinli davranıb ölkədə sabitliyi qorumaq ən birinci vəzifəmizdir”. Azər Həsrət dedi ki, belə bir vəziyyətdə vətəndaş cəmiyyətinin də fəaliyyəti faydalıdır: “Biz baş verənləri insanlara doğru şəkildə izah etməkdə yardımçı olmalıyıq. Çünki fürsətdən sui-istifadə edib ölkəni qarışdırmaq istəyən qüvvələr bir an belə boş durmurlar”.
Fuad Hüseynzadə

Xəbər 195 dəfə oxundu.