Ukrayna XİN-də ictimai diplomatiya idarəsi açılıb
Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Nazirliyin strukturunda ictimai diplomatiya idarəsi açılıb. Mətbuat xidmətindən deyiblər: “XİN-də müstəqil struktur bölməsi - ictimai diplomatiya idarəsi yaradılıb.
İdarənin yaradılması Ukraynanın dünyada təbliğini və ictimaiyyətlə qarşılıqlı əlaqələrini nəzərdə tutan yeni mexanizm kimi ictimai diplomatiyanı nazirlik sisteminə tətbiq etmək deməkdir”. Yeni idarə ictimaiyyətlə, habelə xarici və yerli ictimai birliklər və media ilə əlaqələri inkişaf etdirməklə məşğul olacaq. Bundan əlavə, Ukraynanın hüdudlarından kənarda onun imicini yüksəldən, mədəniyyət və informasiya xarakterli layihələr həyata keçirmək və digər icra hakimiyyəti orqanlarının bu sahələrdə tədbirlərini əlaqələndirmək planlaşdırılıb. Diplomatlar Ukraynanın xarici işlər naziri Pavel Klimkinin sözlərinə istinadən bildiriblər: “Ukraynada ictimai diplomatiya reallığa çevrilib. Biz digər hakimiyyət orqanları və xalq diplomatiyası ilə birlikdə toplanmış təcrübəni nəzərə almaqla, Ukrayna barədə dünyaya daha ətraflı söhbət açacağıq”. İdarəyə Ukrayna XİN-in mətbuat katibi Maryana Betsa başçılıq edir. Ukrayna XİN daha əvvəl ölkəni xaricdə təbliğ edən sayt işə salıb.

Xəbər 332 dəfə oxundu.