10 illik yeni Məşğulluq Konsepsiyası hazırlanır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası (2016-2025-ci illər)” layihəsinin hazırlanması məqsədilə yaradılmış İşçi qrupun iclası keçirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə İqtisadiyyat, Mədəniyyət və Turizm, Gənclər və İdman, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Statistika Komitəsinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Həmkarlar İttifaqları Konfederasiyasının, Dünya Bankının, BMT-nin Əhali Fondunun, Beynəlxalq Əmək Təşkilatının nümayəndələri iştirak edib.

İclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, ötən müddətdə yoxsulluğun azaldılması və davamlı inkişaf, regionların sosial-iqtisadi tərəqqisi, habelə Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramları, 2004-cü ildən bəri 1,5 milyon iş yerinin, eləcə də ötən il 100 mindən çox iş yerinin yaradılması ölkədə əmək qabiliyyətli əhali arasında məşğulluq səviyyəsinin 95 faizədək yüksəlməsinə imkan verib: “Məşğulluq Konsepsiyası layihəsinin hazırlanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə aidiyyəti dövlət orqanlarının, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət İşçi qrupu yaradılıb. İşçi qrupda ümumilikdə 21 aidiyyəti dövlət orqanı və sosial tərəfdaşlar təmsil olunur”.
S. Müslümov 2016-2025-ci illəri əhatə edəcək Konsepsiya layihəsinin 3 ay müddətində hazırlanmasının nəzərdə tutulduğunu bildirib: “Layihədə mövcud makroiqtisadi vəziyyətin və əmək bazarının təhlili, gələcək inkişaf perspektivləri və meylləri, qarşıda duran əsas çağırışlar və problemlər, növbəti illər üçün məşğulluq siyasətinin əsas məqsəd və vəzifələri, əmək bazarında tələb və təklif arasında tarazlığın təmin edilməsi üzrə zəruri addımlar və s. əksini tapacaq”.
Nazir bildirib ki, Azərbaycanda müsbət demoqrafik amillərin təsiri nəticəsində ölkə əhalisi artmaqda davam edir: “Bu müsbət demoqrafik tendensiya gələcəkdə yeni iş yerlərinin artırılmasını əsas vəzifələrdən biri kimi müəyyən edir. Ona görə də daim artan demoqrafik yükün əmək bazarına və məşğulluq siyasətinə təsirinin qiymətləndirilməsi yeni Konsepsiya layihəsinin hazırlanması zamanı diqqətdə saxlanılacaq. Makroiqtisadi siyasət və sahibkarlığın inkişafı, yeni iqtisadi inkişaf mərhələsində məşğulluq siyasətinin formalaşdırılması, infrastruktur layihələrində, dövlət investisiya xərclərində məşğulluq amilinə önəm verilməsi, rəqabətədavamlı kadr potensialının yaradılması, əmək bazarının inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması layihədə prioritet istiqamətlər kimi əksini tapacaq. Bu istiqamətlər sırasına işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarının əmək bazarına inteqrasiyası, sosial məsuliyyət və sosial tərəfdaşlığın inkişaf etdirilməsi də daxil ediləcək”.
Nazir həmin istiqamətlər nəzərə alınmaqla “Azərbaycanda Məşğulluq Konsepsiyası (2016-2025-ci illər)” layihəsinin hazırlanması üzrə İşçi qrupun müzakirəsi üçün müəyyən edilən məsələləri qeyd edib: “Bu məsələlər sırasına iqtisadi şaxələndirmənin məşğulluğun strukturuna və inkişafına təsirinin qiymətləndirilməsi, əmək bazarında tarazlığı təmin edəcək və məşğulluğu stimullaşdıracaq institusional islahatların istiqamətlərinin müəyyən edilməsi, regionlar üzrə qeyri-neft sektoruna üstünlük verilməklə yeni iş yerlərinin yaradılması və məşğulluğun strukturunun diversifikasiyası, əmək bazarının inkişafı üzrə vahid informasiya məkanının formalaşdırılması və s. aiddir. Həmçinin, əmək bazarında peşə və ixtisaslar üzrə kadr tələbatına dair proqnozun müəyyənləşdirilməsi metodologiyasının hazırlanması, ali, orta və peşə-ixtisas tədris müəssisələrinə tələbə qəbulunun əmək bazarının real və perspektiv tələblərinə uyğunlaşdırılması, işsizlkdən icbari sığorta sisteminin tətbiqi, ev təsərrüfatları başçısı olan qadınların əmək bazarına çıxış imkanlarının qiymətləndirilməsi və digər məsələlər nəzərdə saxlanılacaq”.

Xəbər 332 dəfə oxundu.