Xaçmazda yeni məktəb binasının tikintisinə başlanılıb
Xaçmaz şəhərindəki Abumüslüm Səlimov adına 7 nömrəli tam orta məktəb üçün ikimərtəbəli yeni binanın tikintisinə başlanılıb. Bununla yanaşı, təhsil müəssisəsinin köhnə binasında da əsaslı yenidənqurma işləri aparılacaq.
Artıq 220 şagird yerlik yeni məktəb binasının təməlinin qazılması işləri yekunlaşmaq üzrədir. Tikilinin ümumi sahəsi 1200 kvadratmetrə yaxındır. Dövlət vəsaiti hesabına inşa olunan yeni məktəb binasının növbəti tədris ilinə kimi təhvil verilməsi nəzərdə tutulub. Məktəbin köhnə binasında yenidənqurma işlərinə isə hazırkı dərs ili başa çatdıqdan sonra başlanacaq. Hər iki korpusda müasir istilik sistemi quraşdırılacaq, binanın elektrik təchizatı tamamilə yenilənəcək. Məktəbin həyətində qazanxana və su çənləri də inşa ediləcək.
İş icraçısı Qaçay Quliyev AZƏRTAC-a bildirib ki, yeni məktəb binasını köhnə korpusla birləşdirəcək əlaqələndirici dəhlizin tikilməsi də planlaşdırılır. Bununla yanaşı, təhsil müəssisəsində 300 kvadratmetr sahəsi olan idman zalı da istifadəyə veriləcək.
Dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində Xaçmaz rayonda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində nəzərəçarpacaq işlər görülüb. Son illər ərzində rayonda 40-a yaxın məktəb binası inşa edilib.

Xəbər 244 dəfə oxundu.