Ermənistan əhalisi taleyin ümidinə buraxılıb
“Nyus.am”: “Ölkəyə pul köçürmələri ötən illə müqayisədə 0,5 milyard dollardan da çox azalıb, gəlir yox, mağazalar bağlanır”
Ermənistanda iş yerləri yox dərəcəsindədir. Ümidsiz xalq daha çox xırda ticarətlə məşğul olmağa üstünlük verir. Lakin qeyd edilməlidir ki, bu da müəyyən çətinliklərlə müşahidə edilməkdədir.
“Nyus.am” xəbər verir ki, “təhlükəsizlik fondu” Ermənistanda bəzi obyektlərin gəlirlərinin azalmasına rəğmən bunun öhdəsindən gəlməyə imkan verir. Lakin bunu kiçik obyektlərə şamil etmək mümkün deyil. Ehtimal olunur ki, kiçik və orta mağazaların bağlanmasına və ticarətin supermarketlərdə cəmləşməsinə səbəb ağır vergi yükünün tətbiq edilməsidir. Saytın yazdığına görə, 2013-cü il yanvarın 1-dən etibarən Ermənistanda illik dövriyyəsi 58,35 milyon drama qədər olan kiçik və orta müəssisələr üçün dövriyyə vergisi tətbiq edilmişdi. Hazırkı şəraitdə bir çox müəssisələr artıq bunun öhdəsindən gəlmək iqtidarında deyil. Ermənistanda pərakəndə satış sahəsində mənfi tendensiyalar bu ilin yanvar ayından başlayaraq geniş vüsət almağa başlayıb. Cari qiymətlərlə pərakəndə ticarət müəssisələrinin gəlirinin azalması müşahidə edilir. Belə ki, yanvar ayında pərakəndə ticarət dövriyyəsinin həcmi 6,5 milyard dram və ya 8,3 faiz azalıb. Xatırladaq ki, ötən il ən böyük eniş böyük kommersiya obyektlərində olub. Bu azalma rəsmi rəqəmlərlə 3.7 milyarda dram və ya 16 faiz təşkil edib. Amma burada mühüm bir amil də nəzərə alınmalıdır. Bu da xaricdən ölkəyə göndərilən pul köçürmələrinin çökməsi ilə bağlıdır. Təbii ki, bu ölkə iqtisadiyyatı ilə yanaşı, ölkə əhalisinin yaşam tərzinə də böyük təsir göstərib. Qeyd edilməlidir ki, ölkəyə pul köçürmələri ötən illə müqayisədə 0,5 milyard dollardan da çox azalıb. Razılaşmaq lazımdır ki, bu məbləğ Ermənistan üçün böyük məbləğdir. Elə bunun nəticəsidir ki, ölkə əhalisinin ümumi ödəmə qabiliyyəti və mağazalarda mal dövriyyəsi xeyli azalıb. Yarmarkalarda, bazarlarda, yanacaqdoldurma stansiyalarında tənəzzül mağazalardan daha əvvəl başlayıb. Belə görünür ki, Ermənistan əhalisi taleyin ümidinə buraxılıb.
Ağasəf Babayev

Xəbər 223 dəfə oxundu.