“Moskva ərazi bütövlüyümüzü dəstəklədiyi halda, Rusiya silahlarının Qarabağda olmasında heç bir məntiq yoxdur“
“Rusiya, bir tərəfdən, ATƏT Minsk Qrupunun həmsədri qismində çıxış edir.  Digər tərəfdən isə,  hər bir dövlət lazım bildiyi ölkəyə silah tədarük etmək hüququ var,  biz bunu qəbul edirik.  Rusiyaya bir müddət əvvəl təqdim olunan notada xahiş olunub ki, Rusiya  Ermənistana silahları tədarük edərkən nəzərə almalıdır ki, həmin silah-sursatların Azərbaycanın işğal olunmuş ərazilərinə ötürülməsinə yol verilməməlidir”. Bunu Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində bildirib.
 Nazirin sözlərinə görə, bu tip tədarüklərdə “sonuncu istifadəçi” qaydası var: “Sonuncu  istifadəçi Ermənistan olacağı təqdirdə məsələ Moskva və İrəvan arasında ikitərəfli münasibətlər çərçivəsindən kənara çıxmazdı. Lakin, silahlar Azərbaycanın işğal olunmuş ərazilərində peyda olduqda, bu artıq tam başqa məsələyə çevrilir”.    
Azərbaycan XİN rəhbərinin sözlərinə görə, Moskva Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi halda, Rusiya silahlarının Qarabağda olmasında heç bir məntiq yoxdur: “Rusiya XİN-də təqdim etdiyimiz notanın  tonunun düzgün qəbul edildiyi  Moskvanın sonrakı bəyanatlarından bəlli oldu”.
Nazir onu da bildirib ki, SOCAR və "Qazprom" Azərbaycan tərəfindən Rusiyadan 3 mlrd. kubmetr həcmində təbii qazın alınmasına dair mütəmadi danışıqlar aparır.
"Tərəflər parametrlər və qiymətləri müzakirə edir. Hər iki şirkət optimal gəlir barədə düşünür və bu, normal prosesdir. Nəqlin həcmi gündəlikdə duran məsələlərdəndir", - deyə nazir qeyd edib.
Nəşr jurnalisti "Moskvadakı mənbə bildirir ki, Qərb bu müqaviləni qəbul etmir və bu səbəbdən Bakı onu imzalamağa tərəddüd edir" deyə sual verib. E. Məmmədyarov cavabında qeyd edib ki, bu məsələdə hər hansı siyasi motiv görmür: "Bu, qaranlıq otaqda qara pişik axtarmağa bənzəyir".
Tural

Xəbər 377 dəfə oxundu.