Elçin Quliyev Misirin Sərhəd Qoşunlarının komandanını qəbul edib
Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Misir Ərəb Respublikasının Müdafiə Nazirliyinin Sərhəd Qoşunlarının komandanı general-mayor Əhməd İbrahim Məhəmməd İbrahimin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
DSX-nın mətbuat mərkəzindən verilən məlumata görə, geniş tərkibdə keçirilən görüş zamanı Azərbaycan və Misir Ərəb Respublikası arasında dostluq münasibətləri məmnunluq hissi ilə qeyd olunub, hərbi-texniki, təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsinin, təcrübə mübadiləsinin zəruriliyi vurğulanıb. Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlərdən danışan E. Quliyev Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalmasını, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə olunmasını, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğunu qeyd edib, həmçinin sərhəd  mühafizə sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barəsində Misir nümayəndələrinə ətraflı məlumat verib.
Səfər müddətində nümayəndə heyətinin Dövlət Sərhəd Xidmətinin struktur bölmələrində olması, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi  Nazirliyi, Fövqəladə Hallar Nazirliyində qəbul edilməsi, eləcə də Müdafiə Sənayesi Nazirliyinin istehsalat müəssisələrinin fəaliyyəti  ilə tanışlığı nəzərdə tutulur.
Tural

Xəbər 286 dəfə oxundu.