Atletimiz üçqat Avropa çempionu oldu
Norveçin Fyorde şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatı davam edir. Yarışın üçüncü günü Azərbaycan millisi üçün uğurlu alınıb.
Komandamız aktivinə ilk qızıl medalı yazıb. Fyordedə Azərbaycan himnini Boyanka Kostova səsləndirib. 58 kq çəki dərəcəsində körpücük üzərinə çıxan dünya çempionumuz birdən qaldırma hərəkətində ilk yanaşmasını yerinə yetirməklə qızıl medalı təmin edib. Belə ki, öncə 95 kq çəkinin öhdəsindən gələn Kostova ardınca hər cəhdində sifarişini 5 kq artırıb və bu hərəkəti 105 kq çəkini ram etməklə bitirib. Bununla da o, ən yaxın izləyicisini 15 kq qabaqlayıb. Təkanla qaldırma hərəkətində də Boyanka aşkar favorit olduğunu sübut edib. Öz çəkisində Avropa və dünya rekordlarının sahibi olan ağırlıqqaldıranımız əvvəlcə 120 kq, ardınca 130 kq-ı başı üzərinə qaldırıb. 3-cü yanaşma heç bir əhəmiyyət kəsb etmədiyindən atletimiz ondan imtina edib. Toplamda 235 kq nəticə göstərən Kostova üçüncü dəfə Avropa çempionu tituluna yiyələnib. İkinci yerdə qərarlaşan İrina-Lasramioara Lepsa (Rumıniya) idmançımızdan nə az, nə çox, 30 kq az qaldırıb. İlk “üçlüyü” qapayan Yoanna Loçovska (Polşa) isə cəmi 204 kq çəkinin öhdəsindən gəlib. Qeyd edək ki, ondan öncə körpücük üzərinə çıxan Elmar Alıyev (56 kq) 7-ci, Mərziyyə Məhərrəmova (48 kq) ilə Allahyar Abışov (62 kq) 11-ci və Gülçin Əlizadə (53 kq) 20-ci pillədə qərarlaşmışdı.

Xəbər 161 dəfə oxundu.