“Ermənistanın mülki əhaliyə atəş açması beynəlxalq ictimaiyyət tərəfindən pislənilir”
Jean-Luc Reitzer: “Azərbaycanın işğal altındakı şəhərləri ilə əməkdaşlıq əlaqələrinə qadağa qoyulub”
“Ermənistanın cəbhə bölgəsində törətdiyi təxribatlar, mülki əhaliyə atəş açması beynəlxalq ictimaiyyət tərəfindən pislənilir. Münaqişə ilə bağlı mövcud status-kvo qəbuledilməzdir və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır”.
Bu sözləri Horadiz şəhərində Fransanın Alzas-Şampan-Arden-Loran regionunun Altkirch şəhərinin meri, Fransa Milli Assambleyasının deputatı Jean-Luc Reitzer jurnalistlərə müsahibəsində deyib. Fransalı deputat Ermənistanın cəbhədəki təxribatları, mülki əhaliyə atəş açması ilə bağlı Fransa Milli Assambleyasında və Senatda olan həmkarları ilə birlikdə bəyanatlar verdiyini deyib: “Fransa Prezidentinə müraciət etmişik ki, Fransa BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi Dağlıq Qarabağ və ətraf 7 rayonun sülh yolu ilə işğaldan azad edilməsi üçün Ermənistana təzyiqi artırsın. Biz fransalı deputatlar beynəlxalq hüququ dəstəkləyirik. Beynəlxalq hüquq isə Azərbaycanın tərəfindədir”. O, qeyd edib ki, Fransanın bəzi şəhərlərinin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş şəhərləri ilə imzaladığı dostluq və əməkdaşlıq “xartiyalar”ının heç bir hüquqi əsası yoxdur. Fransanın xarici və daxili işlər nazirlikləri ölkənin regionlarında olan merlərə təlimatlar göndərib, Dağlıq Qarabağdakı şəhərlərlə bütün əməkdaşlıq əlaqələri qadağan edilib.


Xəbər 200 dəfə oxundu.