BSU-da Heydər Əliyevə həsr olunmuş konfrans
Bakı Slavyan Universitetində (BSU) Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib. 3-5 may tarixlərində keçiriləcək konfransın təşkilatçıları Təhsil Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasıdır. 
Konfransı giriş sözü ilə açan BSU-nun rektoru Asif Hacıyev bildirib ki, H. Əliyevin anadan olmasına həsr olunmuş tədbirin rəhbərlik etdiyi universitetdə keçirilməsi artıq ənənə halını alıb. 
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev qeyd edib ki, Azərbaycanda müxtəlif dövrlərdə multikultural dəyərlər daima özünü göstərib: “Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra multikultural dəyərləri ümumiləşdirə bildi. Heydər Əliyevin hakimiyyəti dövründə parlamentdə qəbul olunan bütün qərarlarda multikultural ideyalar öz əksini tapıb”. 
Dövlət müşaviri əlavə edib ki, bugünkü tədbirin BSU-da keçirilməsi təsadüfi deyil: “Bakı Slavyan Universiteti məhz Heydər Əliyevin ideyası əsasında yaranıb”. 
Daha sonra tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və başqaları çıxış edib. 
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan klip nümayiş olunub. 330 yerli və xarici alimin məqalələrinin qəbul olunduğu tədbir çərçivəsində plenar və bölmə iclaslarının keçirilməsi nəzərdə tutulur. Konfransda Rusiya, Bolqarıstan, Türkiyə, Gürcüstan, İtaliya, ABŞ, Qazaxıstan, Moldova, İsveç və Polşadan nümayəndələr iştirak edir.
Tural

Xəbər 347 dəfə oxundu.