Gəncədə gənclər forumu
2016-cı ilin Avropa Gənclər Paytaxtı Gəncə şəhərində Prezident yanında Gənclər Fondunun, “Nar”, “AIESEC Azerbaijan” təşkilatının dəstəyi, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” İctimai Birliyinin tərəfdaşlığı ilə “Youth Speak Azerbaijan” (“Danışır Azərbaycan gəncləri”) adlı forum keçirilib. 120-dən çox fəal gəncin iştirakı ilə keçirilən tədbir “Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində yeni istifadəyə verilən Gənclər Evində baş tutub.
AIESEC Azərbaycan Gənclər Təşkilatının sədri Məryəm Məcidova bildirib ki, forumun keçirilməsində əsas məqsəd gənclərin dayanıqlı inkişaf yollarını öyrənərək onların fərdi inkişafına lazımi dəstək göstərməkdir. Bunun ən münasib yolu isə gəncləri BMT tərəfindən 2030-cu ildə daha yaxşı gələcək naminə elan edilmiş “Youth for Global Goals” kampaniyasına qoşulmağa təşviq etməkdən ibarətdir. Prezident yanında Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətov, şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov, AMEA-nın innovasiya və elmin kommersiyalaşması üzrə baş mütəxəssisi Samir Vəliyev, “ADA” Universitetinin baş müəllimi Rəşad İbadov və digər çıxış edənlər ölkə gənclərinin hərtərəfli inkişafına dəstək olmaq, onlarda liderlik xüsusiyyətlərinin artırılmasına təkan vermək məsələləri ətrafında danışıblar. Forumda gənclərin böyük marağına səbəb olan “Layihənin idarə olunması”, “Sosial sahibkarlıq” və “İnnovasiya” mövzularında seminar və təlimlər keçirilib.

Xəbər 305 dəfə oxundu.