“Dərsliklər şagirdlərin qavrama qabiliyyəti nəzərə alınmadan yazılır”
"Azərbaycanda 5-ci sinif dərslikləri akademik səviyyədə yazıldığından orta məktəb şagirdləri başa düşmürlər. Bu sahə üzrə təcrübəli mütəxəssis kimi deyə bilərəm ki, orta məktəb dərslikləri şagirdlərin qavrama qabiliyyəti nəzərə alınmadan yazılır. Dərsliklərində dilin ədəbi normalarının qorunması baxımından müəyyən problemlər var".Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında çıxış edən Dilçilik İnstitutunun direktor əvəzi Möhsün Nağısoylu deyib. Onun sözlərinə görə, küçələrdəki afişalarda bəzi obyektlərin adlarında dilin normalarının pozulması hallarına tez-tez rast gəlinir. Bu problemin həlli istiqamətində bəzi rayonların İcra hakimiyyətləri ilə razılığa gəlinib və hansısa müəssisənin adının seçilməsində institutun da rəyi nəzərə alınır: "Məsələn, "supermarket" sözü bəzən ayrı və ya defislə yazılır. Bunun vahid formada yazılışını müəyyənləşdirmək lazımdır. Bəzi şadlıq evləri, supermarketlər hətta bizim mentalitetə uyğun gəlməyən formada adlandırılır. Bu istiqamətdə də müəyyən maarifləndirmə işləri həyata keçirilir. Dilçilik İnstitutu belə halların qarşısını almaq üçün monitorinqlər keçirir və "Qaynar xətt" vasitəsilə onların vaxtında aşkarlanaraq qarşısının alınmasına calışır".
İnstitut direktoru vurğulayıb ki, Dilçilik İnstitutun alimləri ölkənin ali məktəbləri üçün də dərsliklərinin hazırlanmasında iştirak edir. Onun sözlərinə görə, təkcə Azərbaycan vətəndaşları üçün deyil, əcnəbi tələbələr üçün də "Azərbaycan dili" dərsliyinin hazırlanması lazımdır.

Nigar

Xəbər 220 dəfə oxundu.