Özbəkistanda Azərbaycan kəlağayılarının təqdimatı keçirilib
Azərbaycanın Özbəkistandakı səfirliyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə “Azərbaycan kəlağayı sənəti və onun özəllikləri” adlı tədbir keçirilib. Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Özbəkistanda fəaliyyət göstərən səfirlərin xanımları, diplomatlar, tanınmış mədəniyyət, incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Azərbaycan xanımlarına məxsus baş geyimi olan kəlağayı haqqında məlumat verib. Bildirib ki, kəlağayı hər bir xalqın maddi və mənəvi dəyərlərini əks etdirir.Səfir deyib ki, geyim formaları həmin xalqın xarakteri və xüsusiyyətindən xəbər verir. Xalqın tarixini, etnoqrafiyasını, mədəniyyətini öyrənmək üçün belə milli geyimlər böyük əhəmiyyət daşıyır.Hüseyn Quliyev Azərbaycanda böyük ipəkçilik ənənələrinin olduğunu, Böyük İpək Yolu üzərində yerləşən Azərbaycanın Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksək keyfiyyətli ipəyin - kəlağayıların hazırlandığını, Gəncə və Basqal kəlağayılarının isə xarici ölkələrə də ixrac olunduğunu qeyd edib.Səfir Azərbaycan kəlağayısının “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsini Azərbaycan xalqı üçün böyük uğur kimi dəyərləndirib və bu istiqamətdə Heydər Əliyev Fondunun xidmətlərindən danışıb.Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycan və Özbəkistanın zəngin mədəniyyətindən danışıb, kəlağayını Azərbaycan xalqının əsrlərdən bəri qoruyub saxladığı sənət incisi adlandırıb.Daha sonra “Azərbaycan kəlağayıları” adlı sənədli film nümayiş etdirilib.Tədbirdə iştirak edən Bakı Dövlət Universitetinin professoru, kəlağayı sənəti üzrə mütəxəssis Rəna İbrahimbəyova Azərbaycan kəlağayı sənətinə dair geniş məruzə edib.Mütəxəssis kəlağayıda həkk olunan naxışların ayrı-ayrı forma və motivləri barədə məlumat verib, kəlağayıya məxsus elementlərin mənalarını və bu baş örtüyünün dizaynını xarakterizə edib.Tədbir çərçivəsində Mədəniyyət Mərkəzinin foyesində təşkil olunan sərgidə müxtəlif dizaynda hazırlanan Azərbaycan kəlağayıları nümayiş etdirilib.
Qonaqların iştirakı ilə kəlağayıya naxışvurma prosesi canlı olaraq göstərilib, iştirakçılara kəlağayılar hədiyyə edilib.
Tural

Xəbər 392 dəfə oxundu.