BP-nin yeni texnologiyalara sərmayələrinin 10%-i Azərbaycanın payına düşür
Bakıda BP şirkətinin Texnologiya Forumu keçirilir. Forumda çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bildirib ki, forum çərçivəsində BP mütəxəssisləri dünyada, o cümlədən Azərbaycanda neft-qaz hasilatı üçün nəzərdə tutulan yeni texnologiyalar üzrə təqdimat və müzakirələr aparacaqlar. O bildirib ki, BP hər il dünyada kəşfiyyat işləri və texnologiyaların təkmilləşdirilməsinə 500 mln. ABŞ dolları həcmində vəsait xərcləyir ki, bunun da təxminən 10%-i Azərbaycanın payına düşür. Regional prezidentin sözlərinə görə, BP-nin yeni texnologiyalarının çox hissəsi artıq Azərbaycanda müvəffəqiyyətlə tətbiq edilir: «BP şirkəti Azərbaycanda texnologiyalara investisiyanın qoyulması sahəsinə böyük diqqətlə yanaşır». Forumda çıxış edən ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə neft-qaz hasilatı sahəsində yeni texnologiyaların vacibliyini qeyd edərək tədbirin bu sahədə mühüm rol oynayacağını bildirib.

Xəbər 384 dəfə oxundu.