Tədrisdə yeni təlim texnologiyaları tətbiq edilir
Naxçıvan Dövlət Universitetinin dosenti Zərövşən Yaşar qızı Babayevanın universitetin «Qeyrət» nəşriyyatında “Biologiyanin tədrisində texnoloji innovasiyalardan istifadənin perspektivləri” mövzusunda çapdan çıxmış monoqrafiyası elmi dəyəri ilə seçilən yeni nəşrlərdəndir. Monoqrafiya müəllifin doktorluq dissertasiyası ərəfəsində hazırlanmışdır. Əsərin elmi redaktoru fəlsəfə üzrə elmlər doktoru M.Ş.Haciyev, pedaqogika üzrə elmlər doktoru N.Ə.Abışovdur. Rəyçilər pedaqogika üzrə elmlər doktoru Ş.H.Əlizadə, biologiya üzrə fəlsəfə doktoru Ə.S.Tahirovdur.
Z.Y. Babayeva 2015-ci ildə «Biologiyanın tədrisində YTT-dən istifadə üzrə işin sistemi» mövzusunda doktorluq dissertasiyasını bitirmiş və Ali Attestasiya Komissiyasına təqdim etmişdir. O uzun illərdir biologiyanın tədrisində yeni təlim texnologiyaları istiqamətində araşdırmalar aparmaqla, “Tomson Reuters”, “Social Sci­ences Citation Index”, “Arts & Humanities Citation Index”, “Global Impact Factor” kimi dünyanın reytinqli jurnallarında tədqiqatın nəticələrini əks etdirən elmi məqalələr dərc etdirmişdir. Tədqiqatla bağlı 2014-cü ildə KOİCA şirkətinin Cənubi Koreya Respublikası və Azərbaycanda təşkil etdiyi treninqlərində və İtaliyada, müxtəlif illərdə Türkiyədə bir sıra layihələrdə fəal iştirak etmişdir. Biologiya fənlərinin tədrisində müasir təlim texnologiyalarına üstünlük verməklə yanaşı, bu texnologiyalardan istifadə metodikasını işləyib hazırlamışdır. Tədqiqatla bağlı 2009-cu ildə 1 metodik vəsait, 2011-ci ildə 1 dərs vəsaiti nəşr etdirmiş 2011-ci ildə tədrisdə «İKT-dən üstün istifadəyə görə» Fəxri Fərmanla təltif edilmişdir. Tədqiqatla bağlı respublika və müxtəlif dünya jurnallarında 50-yə yaxın elmi məqalə dərc etdirmiş, müxtəlif beynəlxalq konfranslarda çıxışlar etmişdir. 2015-ci ildə biometod. net adlı sayt hazırlayaraq fənn müəllimləri və tələbələrin, digər istifadəçilərin ixtiyarına vermişdir.
Zoologiya kafedrasının dosenti Zərövşən Yaşar qızı Babayevanın tədqiqat sahəsi olan «Biologiyanin tədrisində texnoloji innovasiyalardan istifadənin perspektivləri» mövzusunda yazdığı monoqrafiya biologiyanin tədrisində yeni təlim texnologiyalarının tətbiqi imkanları istiqamətində yazılmış azsaylı tədqiqat işlərindən biri kimi aktuallığı ilə seçilir. Monoqrafiyanın tərtibi, istifadə olunan illüstrasiyalar, tədqiqatın ümumiləşdirilmiş şəkildə ingiliscə xülasəsi aparılmış tədqiqatın müasir dövrün yeni keyfiyyət dəyişikliklərindən faydalandığını göstərir. Monoqrafiyada verilən başlıqlara görə tədqiqatın gedişi, dünya təcrübəsinə əsaslanma, internet resurslarından lazımi istifadə əsərin əhəmiyyətini artırır.
2004-cü ildən təhsilin yeni informasiya vasitələri ilə zənginləşdirilməsi sahəsində aparılan islahatlar, təhsil müəssisələrinin sürətli informasiya texnologiyaları, internet şəbəkələri ilə təmin edilməsində potensial imkanların dəyərləndirilməsi, həmçinin zəruri problemlərin həlli istiqamətində aparılmalı işlər də monoqrafiyada öz əksini tapmışdır. Bu baxımdan Z.Y.Babayevanın «Biologiyanin tədrisində texnoloji innovasiyalardan istifadənin perspektivləri» mövzusunda yazdığı monoqrafiya xüsusi aktuallığa və mühüm elmi əhəmiyyətə malikdir. Z.Y.Babayevanın uzunmüddətli tədqiqat işlərinin nəticəsi olan bu mo­noqrafiya yeni təlim texnologiyalarının, informasiya texnologiyalarının, ən son nəsil qurğuların biologiyanın tədrisində (ali və orta məktəblərdə) tətbiqi sahəsində aparılmış sanballı, əhatəli, konkret nəticələrə əsaslanan ilk elmi-tədqiqat işlərindən biri kimi aktuallığı ilə fərqlənir.
Monoqrafiyanı aktual edən cəhətlərdən biri kimi tədqiqatların həm ali, həm də orta məktəbdə aparılmasını göstərmək olar. Ali məktəbdə mühazirə, laboratoriya və seminarların keçirilməsində informasiya texnologiyalarının imkanlarından istifadənin perspektivlərini şəxsi təcrübəsində tətbiq edən Z.Y.Babayeva tələbələrin orta məktəblərdə pedaqoji təcrübələri zamanı onların elmi, bioloji və texnoloji biliklərinin tətbiqi vəziyyətinə nəzarət etmək imkanı qazanır. Bu da tədqiqatın hərtərəfli aparılmasına və nəticələrin müqayisəli araşdırılmasına zəmin yaradır. Nəticədə tələbələri gələcək müəllim kimi dünya standartlarına uyğun hazırlamaqla, məktəb müəllimlərinin də bu istiqamətdə məlumat və təcrübələrinin artırılmasına, onlara stimul verilməsinə şərait yaranır.
Naxçıvan Dövlət Universitetinin Zoologiya kafedrasının dosenti Zərövşən Babayeva yeni təlim texnologiyalarının biologiyanın tədrisində tətbiqi istiqamətində Naxçıvan Muxtar Respublikasında tədqiqat aparmış ilk araşdırmaçıdır. O, informasiya texnologiyalarının tədrisində tətbiqi imkanları, mövzunun təqdim edilməsində texnologiyalardan istifadənin yeri və həcmi, dərslərdə interaktiv rejimin təşkili, tələbələrin texnologiyalardan, internetdən istifadəsinə verilən tələbləri sistemli və əhatəli şəkildə işləyib hazırlamışdır. Müəllifin nəşr etdirdiyi metodik və dərs vəsaitləri (Biologiyanin tədrisində yeni təlim texnologiyalarindan istifadənin metodikasi-2009; Biologiyanın tədrisində İKT-dən istifadə: interaktiv və ənənəvi təlim-2011) də tələbə və müəllimlər üçün metodik göstərici hesab oluna bilər.
Monoqrafiyada biologiyanın tədrisinin səmərəliliyini artıracaq ye­ni me­tod və vasitələrin, təlim texnologiyalarının təhsil sahəsinə inteqrasiyasının perspektivlərindən bəhs olunur. Tədqiqat əsərində əsas tədqiqat obyekti ali və orta məktəbdə biologiya dərslərinin yeni təhsil islahatları və dünya standartlarının tələblərinə uyğun qurulmasıdır. Əsərdə metodika sahəsində yeni informasiya vasitələri və müasir təlimdən istifadənin dünya təcrübəsi öyrənilmiş, ali və orta məktəblərdə tədqiq və tətbiq olunaraq elmi dövriyyəyə daxil edilmişdir. Əsər ali və orta məktəb müəllimləri, tələbələr, bu istiqamətdə elmi araşdırma aparan gənc tədqiqatçılar və geniş oxucu kütləsi üçün praktik tədris vəsaitidir.
Məhəmməd Hacıyev
Naxçıvan Dövlət Universitetinin professoru

Xəbər 503 dəfə oxundu.