“Gənclər evi” şəbəkəsinin yaradılması qaydaları təsdiq edilib
Nazirlər Kabineti “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nın təsdiq olunması barədə qərar qəbul edib.
Sənəddə “Gənclər evi”nin inzibati ərazi vahidlərində əhalinin sayı nəzərə alınmaqla, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına inşa edilmiş və gənclər siyasətinə aid sahələrdə fəaliyyət göstərən sosial xidmət müəssisəsi olduğu qeyd edilib. Qərarda “Gənclər evi” sosial şəbəkəsinin yaradılmasının və maliyyələşdirilməsinin əsasları təsbit edilib. “Gənclər evi” sosial xidmət müəssisəsinin yaradılmasının “Gənclər siyasəti haqqında” qanuna uyğun olaraq, gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədi daşıdığı bildirilib. Sənəddə, həmçinin “Gənclər evi”nin öz işini Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq edilmiş illik fəaliyyət planına uyğun təşkil etdiyi, onun fəaliyyətinin tənzimlənməsi məqsədilə metodoloji işin müvafiq nazirlik tərəfindən həyata keçirildiyi əksini tapıb. Nazirlər Kabinetinin qərarında “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin fəaliyyətinə nəzarət mexanizmləri də dəqiq müəyyənləşdirilib. Sənədə əsasən, bu nəzarət nazirlik tərəfindən ildə bir dəfədən az olmayaraq keçirilən monitorinq, habelə “Gənclər evi”nin direktorunun nazirliyə təqdim etdiyi hesabat vasitəsilə təmin olunur.

Xəbər 520 dəfə oxundu.