Beyləqanın Qaradağlı kəndi təbii qazla təmin olunub
Beyləqan rayonunun Qaradağlı kəndinə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər sakinləri təbrik edib, əhalinin sosial şəraitinin yaxşılaşdırılması, yaşayış məntəqələrinin təbii qazla təmin olunması istiqamətində görülən işlərdən danışıblar.Bildirilib ki, 166 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3557 metr polietilen, 14 min 635 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 166 sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hazırda Beyləqan rayonunun Şərq, Birinci Şahsevən, İkinci Şahsevən, Yuxarı Çəmənli, Aşağı Çəmənli, Aşıqalılar, Əhmədli və İmamverdili kəndlərində qaz xətlərinin çəkilişi davam etdirilir.Sakinlər və ictimaiyyət nümayəndələri onlara göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.


Xəbər 278 dəfə oxundu.