Bu il Lənkərana 8 min turist gəlib
Lənkəran rayonunda fəaliyyət göstərən turizm obyektləri və istirahət mərkəzləri adətən may ayının sonları və iyun ayının əvvəllərindən etibarən daha çox turist qəbul edirlər.
Builki yay turizm mövsümü ərəfəsində cənub bölgəsində havaların qeyri-sabit, yağmurlu keçməsi turizm obyektlərinə də təsirsiz ötüşməyib. Həm turizm obyektlərinə, həm də dənizkənarı çimərliklərə üz tutanların sayı ötən ilin mövsümü ilə müqayisədə xeyli azalıb. Bu cür vəziyyət təkcə çimərliklərdə və turizm obyektlərində deyil, hotel və mehmanxanalarda da müşahidə olunur. Hotellərdən və mehmanxanalardan bildirilib ki, əgər ötən il may-iyun aylarında otaqların əksəriyyətində müştəri olurdusa, indi demək olar, tam əksi baş verir. Sahibkarlar bu cür vəziyyətdə daha çox turist cəlb etmək üçün tur-paketlər təşkil etməyə üstünlük verirlər. Müqəddəs Ramazan ayının başlaması da rayona turistlərin gəlməsinə təsir edən amil kimi qeyd olunur. Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov bildirib ki, may-iyun aylarında rayona gələn turistlərin sayında azalma olsa da, birinci yarımildə turist sayı ötən ilin müvafiq dövründən çox olub. 2015-ci ildə turistlərin sayı 15 minə yaxın olub. Bu ilin ötən dövründə isə Lənkərana 8 min turist gəlib.

Xəbər 299 dəfə oxundu.