Texniki qulluq vaxtında göstərilir
Ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş generasiya mənbələrindən biri olan “Şahdağ” elektrik stansiyası respublikanın şimal bölgəsinin elektrik enerjisi təchizatının yaxşılaşdırılmasında böyük rolu olmuşdur. Stansiyanın işə qoşulması bölgənin elektrik enerjisi təchizatının kəmiyyət və keyfiyyətcə yaxşılaşmasında, o cümlədən sistemin dayanıqlığının artırılmasında da əhəmiyyətli rol oynayır. Eyni zamanda bu stansiya “Şahdağ” Qış-yay Turizm kompleksinin elektrik enerjisi təchizatını da həyata keçirir. Hazırda stansiya dispetçer qrafikinə uyğun fəaliyyət göstərir.
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, "Şahdağ" ES-də cari ilin iyul ayında 26 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Qeyd edək ki, cari ilin 7 ayı ərzində isə bu stansiyada 178,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Mənbənin bildirdiyinə görə, elektrik stansiyasında aqreqatlara nəzərdə tutulmuş bütün texniki xidmət qrafikə uyğun olaraq vaxtında göstərilmişdir. Bunun nəticəsidir ki, ötən illərdə olduğu kimi, cari ilin 7 ayında da elektrik enerjisi istehsalında problem yaranmamışdır. Hazırda stansiya dispetçer qrafikinə uyğun fəaliyyətini davam etdirir.
Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ötən dövrlərdə olduğu kimi cari ilin 7 ayı ərzində də elektrik stansiyasının digər texniki iqtisadi göstəriciləri də qənaətbəxşdir.
“Digər enerji müəssisələrində olduğu kimi, burada da mövsümə hazırlıq məqsədilə tədbirlər planına uyğun olaraq enerji bloklarında müxtəlif təyinatlı təmir işləri aparılır. Eyni zamanda digər elektrik avadanlıqlarında da profilaktik təmir işləri icra edilir”, – deyən mənbə cari ilın son üç ayı ərzində həyata keçirilmiş işlər barəsində də məlumat verdi.
Mənbənin bildirdiyinə görə, həmin bu dövrdə porşen tipli aqreqatlara (beş ədəd aqreqat) növbəti istismar həddinə uyğun olaraq texniki qulluq göstərilmişdir. Eyni zamanda idarəetmə hava kompressorunda da texniki qulluq işləri həyata keçirilmişdir.
“Tələbatçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində, plan tapşırıqların uğurla yerinə yetirilməsində kollektivimiz səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edirlər”, – deyən mənbə onu da qeyd etdi ki, texniki qulluq işləri stansiyanın təmir briqadası tərəfindən aparılır. Belə ki, cari ilin son üç ayında yuxarıda qeyd edilənlərlə yanaşı, güc transformatorunda da müxtəlif təyinatlı təmir işləri aparılmışdır. Onu da qeyd etmək yerinə düşərdi ki, sözügedən dövrdə köməkçi avadanlıqlarda da cari təmir işləri aparılmışdır.
Yeri gəlmişkən, mövcud iqlim şəraiti ilə bağlı yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Hesabat dövründə yanğın təhlükəsizliyi üzrə profilaktiki işlər görülmüş, texniki-müayinə zamanı aşkarlanmış çatışmamazlıqlar aradan qaldırılmışdır. Qrafikə uyğun olaraq yanğın texniki-təhlükəsizlik və əks qəza məşqləri də keçirilmişdir.
Xatırladaq ki, ümumi gücü 105 meqavat olan “Şahdağ” elektrik stansiyası 12 aqreqatdan ibarətdir.

Xəbər 141 dəfə oxundu.