Türkiyə Suriyada keçirdiyi əməliyyat barədə 3 ölkəni əvvəlcədən məlumatlandırıb
Türkiyə Suriyanın Cerablus bölgəsini “İŞİD” terror təşkilatından təmizləməklə əlaqədar keçirəcəyi hərbi əməliyyat barədə öncədən ABŞ və Rusiyaya məlumat verib, daha sonra İran da bu barədə məlumatlandırılıb.
Bunu NTV telekanalına müsahibəsində Türkiyənin müdafiə naziri Fikri İşık bildirib. Suriya rejimini yox saya bilməyəcəklərini, ancaq Suriyanın gələcəyində Bəşər Əsədi görmədiklərini söyləyən F. İşık əməliyyatla bağlı Suriya rejimi ilə birbaşa əlaqə yaradılmadığını deyib. O, Cerablus bölgəsində əməliyyatların müxalif Azad Suriya Ordusu tərəfindən aparıldığını, Türkiyə ordusunun isə onlara dəstək verdiyini vurğulayıb: "İndiyə qədər əməliyyatların gedişində Azad Suriya Ordusunun iki döyüşçüsü həlak olub, iki döyüşçü yaralanıb. Türkiyə ordusunda şəhid və yaralı yoxdur". F.İşık “İŞİD”-dən azad edilmiş Cerablusda hazırda "təmizləmə" işlərinin aparıldığını, “İŞİD” terrorçularının şəhərdə gizləndikləri yerlərin axtarıldığını nəzərə çatdırıb: "Azad Suriya Ordusu nəzarəti tam təmin edənə qədər Türkiyə ordusunun orada qalmaq haqqı var. Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunmasını dəstəkləyir”. F.İşık PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-nin bir həftə ərzində Münbicdən çıxması və Fərat çayının şərqinə çəkilməsi prosesinin başa çatmasını gözlədiklərini də nəzərə çatdırıb: “Bir həftə əvvəl ABŞ-la müzakirələr zamanı PYD-nin iki həftə ərzində Fərat çayının şərqinə çəkilməsi barədə razılığa gəlmişdik. Qarşıdakı bir həftə ərzində bu prosesin başa çatmasını gözləyirik. Prosesi izləyirik”.

Xəbər 142 dəfə oxundu.