“Mən Azərbaycana çox güvənirəm və hər zaman da belə davam edəcək”
Türkiyə səfiri: “Azərbaycanın son vaxtlar ən böyük yatırımı Türkiyəyədir”

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Azərbaycan Mətbuat Şurasının üzvləri, media nümayəndələri ilə görüş keçirib.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov görüşdə çıxış edərək iki ölkə arasında bütün sahələrdə inkişaf edən əməkdaşlıq əlaqələrindən söz açıb. Azərbaycan və Türkiyənin mediası arasındakı əlaqələrə toxunan Əflatun Amaşov bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etməyindən məmnunluğunu ifadə edib. 
Çıxışlarda iki qardaş ölkənin tarixi və mənəvi yaxınlıqları qeyd olunmaqla yanaşı, media sahəsindəki əməkdaşlıqda əldə edilmiş nailiyyətlərin möhkəmləndirilməsi və ortaq problemlərə vahid prizmadan yanaşılmasının vacibliyini diqqətə çatdırılıb. Əflatun Amaşov bildirib ki, İsmayıl Alper Coşkun Azərbaycanda səfir olduğunu müddətdə iki ölkə arasında olan media münasibətləri daha da inkişaf edib. 
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Şurasının sədr Vüqar Səfərli, “APA Holding”in prezidenti Vüsalə Mahirqızı, millət vəkili Hikmət Babaoğlu, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Müşviq Ələsgərli və başqaları İsmayıl Alper Coşkunun iki ölkə arasında əlaqələrin inkişafındakı xidmətlərindən danışıblar. Çıxış edənlər səlahiyyət müddəti başa çatan səfirə yeni işlərində uğurlar arzu edib, Azərbaycanla əlaqələrini bundan sonra da davam etdirəcəyinə ümidvar olduqlarını bildiriblər.
 
Səfir iki ölkənin media əlaqələrinin inkişafındakı xidmətlərinə görə Mətbuat Şurasının fəxri diplomu təqdim edilib.
 
İsmayıl Alper Coşkun çıxışında iki ölkə arasındakı münasibətlərin inkişafından danışıb. O deyib ki, Türkiyə hər mövzuda Azərbaycanla eyni mövqedədir: “Biz bütün məsələlərə eyni gözlə baxırıq. Biz qardaş ölkələr olaraq hər zaman bir-birimizin yanında olmuşuq. Türkiyədə Azərbaycanın, Azərbaycanda Türkiyənin daha yaxından tanıdılması üçün bütün vasitələrdən istifadə etməliyik və bu, bizim ən vacib işlərimizdən biridir. Azərbaycandan ayrılmaq asan deyil. Mən Türkiyədə olanda övladlarım deyir ki, Bakıya, evimizə nə vaxt gedəcəyik. Bu, mənim də, ailəmin də Azərbaycan sevgisidir. Mən Azərbaycana çox güvənirəm və hər zaman da belə davam edəcək”.
 
Səfir Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə də toxunub: “Azərbaycanın son vaxtlar ən böyük yatırımı Türkiyəyədir. Mənim qənaətimə görə, iqtisadi əlaqələr, enerji layihələri indiyədək necə uğurla həyata keçirilibsə, bundan sonra da belə olacaq. Təhsil, turizm sahəsində də əlaqələrin daha yaxşı inkişaf edəcəyinə ümid edirəm”.
Tural TAĞIYEV

Xəbər 153 dəfə oxundu.