Çuğundur yığımına başlanılıb
Şəmkir rayonunda Ceyrançöl ərazisində çuğundur yığımına başlanılıb.
AZƏRTAC xəbər verir ki, rayonda ilk dəfə əkilən çuğundurun məhsuldarlığı bu sahəyə marağı xeyli artırıb. Üstəlik fermerlərə satış üçün yaradılan şərait gələn il sahələrin bir qədər genişləndirilməsinə zəmin yaradır.
Çuğundur əkinindən öncə torpağın məhsul üçün yararlılıq dərəcəsi yoxlanılıb. Nəticələr müsbət olduğundan əkin aparılıb və bitkiyə lazımi aqrotexniki qulluq göstərilib. 650 hektar sahədə əkilən şəkər çuğunduru məhsuldarlığı ilə seçilir.
Mütəxəssis Rasim Mustafayev bildirib ki, gələcəkdə çuğundur sahələrinin 3 min hektara çatdırılması nəzərdə tutulur. Bundan başqa, “Azərsun Holdinq” şirkəti aqropark kompleksi ərazisində şəkər zavodunun inşasını planlaşdırır. Artıq bunun üçün yer də ayrılıb.
İmişli şəkər zavodu ilə bağlanan müqaviləyə əsasən yığılan məhsul zavoda təhvil verilir. Şəkərliliyi 14 faiz olan çuğundurun tonuna 58 manat ödənilir. Əgər şəkərlilik artıq olarsa, hər 1 faizinə əlavə 2 manat ödənilməsi nəzərdə tutulur. Becərmə zamanı bütün aqrotexniki qaydalara əməl edilərsə, hər hektardan orta hesabla 45-50 ton məhsul götürmək mümkündür.
Ceyrançöl ərazisində yaxın gələcəkdə bağçılığın inkişaf etdirilməsi də planlaşdırılır. İki min hektar sahədə fındıq, 500 hektarda badam, nar, zeytun, çəkil və xurma əkilməsi də nəzərdə tutulub.

Xəbər 194 dəfə oxundu.