BSU-da akt zalının açılışı olub
Bakı Slavyan Universitetində əsaslı şəkildə təmir olunan akt zalının açılışı olub. Mərasimdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, millət vəkili Məlahət İbrahimqızı iştirak ediblər.
BSU-nun rektoru, professor Nurlana Əliyeva mərasimin açılışını ifadə edən qırmızı lenti kəsib. Rektor bildirib ki, qısa müddət ərzində təmiri başa çatdırılan müasir standartlara uyğun 600 nəfərlik geniş zal yeni kompüterlər, mikrafonlarla təchiz olunub, müasir tipli linqafon otaqları yaradılıb. Online konfransların keçirilməsi üçün hər cür texniki avadanlıqla təmin edilən akt zalında professional səs və işıq sistemləri bütün tələblərə tam cavab verir.
Açılışda iştirak edən qonaqlar BSU-da aparılan təmir işlərini yüksək qiymətləndirərək ali təhsil müəssisəsinin fəaliyyətinə uğurlar arzulayıblar. Qeyd edək ki, son üç ay ərzində Bakı Slavyan Universitetində əsaslı təmir, yenidənqurma işləri aparılıb. Universitetdə Heydər Əliyev mərkəzi yaradılıb. Burada fəaliyyət göstərən muzey, tədris və mədəniyyət mərkəzləri, bufet, idman zalı əsaslı şəkildə təmir edilərək müəllim və tələbələrin istifadəsinə verilib. Bunlardan əlavə, universitetdə yeni havalandırma və yanğından mühafizə sistemi, açıq “Wi-fi”, lift quraşdırılıb. Onu da qeyd edək ki, BSU-da YAP Nəsimi rayon təşkilatının 12 noyabr Konstitusiya Günü və 21 Noyabr Yeni Azərbaycan Partiyasının 24 illiyi münasibətilə Nəsimi rayonunun bir qrup yaradıcı gəncinin əl işindən ibarət sərgi də keçirilib.

Xəbər 289 dəfə oxundu.