Mərkəzi elmi kitabxanada yeni strukturlar yaradılıb
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) ümumi iclası keçirilib.
İclası giriş sözü ilə açan MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova ilk öncə MEK-in Kitabxana-Xidmət şöbəsinin Fondların mühafizəsi bölməsinin Nadir kitab fondunun əməkdaşı, əməkdar mədəniyyət işçisi Adilə Məmmədovanın təqaüdə yola salınması ilə bağlı çıxış etdi. 
MEK-in direktoru iclasın gündəliyini iştirakçılara bəyan etdi. Gündəliyə uyğun olaraq, MEK-in Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova, Rəqəmsallaşdırma bölməsinin rəhbəri Elmar Quliyev və Milli Rəqəmsal Yaddaş şöbəsinin baş mütəxəssisi Günel Əhədova Belarus Milli Kitabxanasındakı ezamiyyət və təcrübə mübadiləsi barədə slaydlı hesabat təqdim etdilər.
Daha sonra direktor Leyla İmanova Özbəkistan Respublikasına Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına daxil olan Elmlər Akademiyalarının Elmi Kitabxanaları Assosiasiyasının yaradılması məqsədilə etdiyi səfər haqqında hesabatla çıxış etdi.
İclas təşkilati məsələlərin müzakirəsi ilə davam etdi. Daxili resurslar hesabına MEK-in strukturunda islahatların aparılmasının vacibliyi vurğulandı. Kitabxana-Xidmət şöbəsinin İstifadəçilərə xidmət və Oxu zallarına nəzarət bölmələrinin birləşdirilməsi məsələləri müzakirə edildi. İstifadəçilərə xidmət və oxu zallarına nəzarət işinin təkmilləşdirilməsi, effektiv əlaqələndirilməsi və müasir elektron səviyyəyə qaldrılması məqsədilə, MEK Kitabxana-Xidmət şöbəsinin İstifadəçilərə xidmət və Oxu zallarına nəzarət bölmələrinin “İstifadəçilərə xidmət və nəzarət” bölməsi adı altında birləşdirilməsi qərarı verildi. Daha sonra “Qədim kitabların və nadir nüsxələrin Bərpa mərkəzi” və “Rəqəmsallaşdırma mərkəzi”nin yaradılması məsələləri müzakirə edildi. AMEA Mərkəzi Elmi Kitabxanasının fondlarında 14000 nadir nüsxə, 80000 Şərq ədəbiyyatı nümunələri, Azərbaycan Respublikasındakı 17 ən qədim kitab abidələrinin olmasını, bu mənbələrin əsaslı şəkildə bərpa və konservasiyaya ehtiyacının olmasını, eləcə də kitabxana xidmətlərinin elektron formata keçməsini, rəqəmsallaşdırma işlərinin sürətlə və iri həcmdə aparılmasını nəzərə alaraq, Mərkəzi Elmi Kitabxanada “Qədim kitabların və nadir nüsxələrin Bərpa mərkəzi” və “Rəqəmsallaşdırma mərkəzi” şöbələrinin yaradılması qərarı verildi.

Xəbər 366 dəfə oxundu.