“Güzəştli limitlərin artırılması sosial təminat baxımından müsbət haldır”
“Elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəştli limitlərin artırılması sosial təminat və xüsusən də aztəminatlı ailələrin xərclərinin azaldılması baxımından müsbət haldır”. Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov Tarif Şurasının elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəştli limitin artırılması ilə bağlı son qərarını şərh edərək deyib. Ekspert hesab edir ki, son dəyişikliklər sosial xarakterli mühüm bir addımdır. Nəticə etibarı ilə limitlərin artırılması əvvəlki qiymətlərlə istifadə edilən həm elektrik enerjisi, həm də mavi qazın həcminin artmasına xidmət edir: “Sözsüz ki, vətəndaşlar köhnə qiymətlərlə əvvəlki tariflərə nisbətən müqayisəli olaraq daha çox elektrik enerjisi və qazdan istifadə edə bilirlər. Yəni limitlərin artırılması imkan verəcək ki, artırılmayan tariflər ilə daha çox həm elektrik enerjisi, həm də mavi qaz istehlak etmək mümkün olsun. Bu baxımdan Prezidentin təşəbbüsü ilə reallaşdırılan bu addım sosial təşəbbüsdür və birbaşa sosial məqsədlərə xidmət edir. Digər tərəfdən, limitlərin artırılması kommunal xidmətlərdən istifadə edənlərin dairəsini genişləndirir. Limitlərin artırılması nəticə etibarı ilə daha çox ailələrin güzəştlı limitlərdən istifadə etməsinə imkan verir. Bu baxımdan, yeni qaydalar sözügedən kommunal xidmətlərə görə köhnə, yəni aşağı tariflər ilə istifadə edənlərin sayının çoxalmasına və eləcə də, diferensial sistemdən faydalananların ümumi abonentlərin payında faizinin artmasına səbəb olacaq”. V.Bayramov diqqətə çatdırıb ki, son dəyişiklikləri tətbiq olunan diferensial sistemin təkmilləşdirilməsinin ilkin mərhələsi kimi xarakterizə etmək olar. Buna görə də limitlərin artırılması həmin diferensial sistemin təkmilləşdirilməsi baxımından ilkin addım kimi qiymətləndirilməlidir. Bu isə Azərbaycanda tətbiq edilən sosial diferensial sistemin mərhələli şəkildə gələcəkdə hədəflərə tam uyğunlaşdırılmasına gətirib çıxara bilər. Eyni zamanda, ölkənin iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq, xüsusən də sənaye sektorunda diferensial sistemin tətbiq edilməsini də gündəmə gətirir.

Xəbər 273 dəfə oxundu.